81 kq-da cüdo üzrə böyüklər arasında dünya çempionatının bürünc medalını Ömər Rəcəbli qazandı. Bu, 25 il sonra atadan sonra bir oğulun dünya çempionatında medal qazanması kimi tarixi əlamətlə yadda qaldı.
Prosport.Az bununla əlaqədar olara Ömər Rəcəblinin atası, eyni zamanda cüdo üzrə gənclər millimizin köməkçi məşqçisi işləyən Elxan Rəcəblidən müsahibə götürüb.
– Ata və oğulun Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatında medal qazanması ilk haldır. Hər ikiniz bürünc medal qazanmısınız. Oğlunuzun bu medalı sizi 25 il əvvələ qaytarmadı ki?
– Açığı, son vaxtlarda ondan bu medalı gözləyirdim. Çünki onun zəhmətkeşliyi, intizamı bu medalı qazanacağını göstərirdi. Hətta ondan daha yüksək nəticə gözləyirdim. Çünki onda o istək, xarakter var. Həm də fikirləşirdim ki, 25 il sonra bu nəticə təkrarlanmalıdır. Bunu hiss etmişdim.
– O bu ilin fevralında Daşkənddə "Böyük Dəbilqə"nin də qalibi olmuşdu. Böyüklərdə ən yüksək nəticəsi o idi və Bakıdakı dünya çempionatı ilə şəxsi göstəricisini yaxşılaşdırdı...
– Əlbəttə, bu il o, stabil çıxış edir (Lints Qran-prisində və Lozanna "Böyük Dəbilqə"sində də bürünc medal qazanıb – red.). Avropa çempionatından başqa, demək olar ki, bütün yarışlarda nəticə verdi. Tbilisidəki Avropa çempionatında serbiyalı cüdoçu ilə 2-ci görüşdə dizi zədələndi. Yoxsa məğlub olmazdı. Bu zədədən sonra 3 ay məşqə çıxa bilmədi.
– Düzdür, Avropa çempionatındakı məğlubiyyəti siz zədə ilə əlaqələndirirsiniz. Avropa çempionatında Vasiliye Qruyiçiçə, dünya çempionatında isə Mixaylo Siminə (olimpiya reytinqində 1-ci, dünya reytinqində 3-cü yerdədir) uduzdu. Hər iki yarışda uduzduğu rəqib Serbiyadandır. Demək olarmı ki, Ömər serb cüdoçularla görüşdə çətinlik çəkir?
– Serb idmançılara uduzması bir təsadüfdür. Bu ölkənin cüdo məktəbi ilə çətinlik çəkir deməzdim. Avropa çempionatında şidoda öndə idi. Onun bir fəndi də hesaba alınmadı. Dizi zədələndikdən sonra fəndə düşdü. Dünya çempionatında yer tutsa da, onun yorulması mənə aydın olmadı. O, dözümlü uşaqdır, heç vaxt yorulmazdı. Bunu həyəcanı ilə əlaqələndirirəm. Bu yarışa çox məsuliyyətlə hazırlaşmışdı. Həmin məsuliyyət onu sıxdı. Ümumi götürəndə, yer tutsa da, onun çıxışı mənim çox xoşuma gəlmədi. Daşkənddəki güləşi ilə Bakıdakı arasında çox fərq vardı. Amma 3-cü yer üçün əzmkarlıq göstərdi.
– Əminiz Fərhad Rəcəbli də saytımıza müsahibəsində bildirmişdi ki, Ömər dünya çempionluğu üçün hazırlaşıb, biz ondan bunu gözləyirdik. İndi siz də demək olar ki, eyni şeyi deyirsiniz. Avropa çempionatından fərqli olaraq, dünya çempionatındakı püşk də onun xeyrinə olmuşdu...
– Razıyam. Açığı, fikirləşirdim ki, 1/4 finalda serbi keçəcək. İnanırdım ki, yarımfinalda gürcü Tato Qriqalaşvilini yenəcək. Çox məsuliyyətli uşaqdır. Açıq deyirəm, mən öz zamanımda belə hazırlaşmamışam. Çox rahat tatamiyə çıxırdım. Ömər isə məndən fərqlidir, zəhmətkeşdir. Həddindən çox istəyin olması onu "yandırdı". Məhz bu onu yordu. Demirəm ki, o hamıdan güclüdür. Amma yorulmamalı idi. Nevazadan saxlama fəndinə düşəndə çox yoruldu. Oradan hamı çıxa bilmir. Çıxanda artıq çox enerji itirmişdi. Bu səbəbdən oktyabrda Əbu-Dabi "Böyük Dəbilqə" yarışından da adı çıxarıldı. Həmin nevazada zədə də aldı. Həm də 1 ayda 2 yarışa getmək, çəki salmaq ağırdır... Onun hətta təsəlliverici görüşdə Sloveniya cüdoçusu Natse Xerkoviçlə qarşılaşması da bu səbəbdən gərgin alındı. Ona əlavə vaxtda vaza-ari ilə qalib gəldi. Halbuki onu rahat məğlub etməli idi. Çünki artıq əvvəlki görüşdə yorulmuşdu. Amma bürünc medal üçün qazaxıstanlı Abılayxan Jubanazarla görüşdə hesabda geridə ola-ola, qalib gəlməsi onun xarakterinin göstəricisidir. Mənə dedi ki, ata, uduza bilmərəm, bu mənim haqqımdır. Bu sözləri mənə ləzzət etdi. İnşallah, dekabrda Tacikistanda "Masters"də yarışacaq. Bunadək milli ilə Yaponiyada 3 həftəlik təlim-məşq toplanışında olacaq.
– Zelim Çkayev olimpiya reytinqində 2-ci, Ömər 6-cıdır. Olimpiadaya getmək şanslarını necə dəyərləndirirsiniz?
– Olimpiadaya 2 il var. Artıq estafet başlayıb. Bu reytinq dəyişə bilər. Sağlam rəqabət yaxşı şeydir. Özünə də demişəm ki, Olimpiadaya getmək istəyirsənsə, ikiqat hazırlaşmalısan. Artıq rəqiblər də onu bu dünya çempionatından sonra yaxşı tanıyırlar. 81 kq-da mənim dövrümdən bu yana həmişə rəqabət güclü olub. Burada zəif rəqib olmur. Mən medal qazandığım dünya çempionatında Kenzo Nakamura olimpiya çempionu olsa da, bürünc medal uğrunda görüşdə uduzmuşdu.
– Rəcəbli ailəsi deyiləndə, cüdo yada düşür. Başqa idman növü yox, məhz cüdo ilə məşğul olmağınızın sirri nədir?
– Özümü tanıyandan cüdonu görmüşəm. Əmilərim, atam, qardaşım cüdo ilə məşğul olub. Mən sonbeşik idim. Anam deyirdi ki, onu cüdoya göndərməyək. Atam da razılaşmışdı. Amma sonra gördülər ki, evdə yastıq qoymamışam, hamısını cırıb dağıtmışam. Ondan sonra mən də cüdo ilə məşğul olmağa başladım. Bu yolu mən keçmişəm. Ömər litseydə yaxşı oxuyub, lövhədə şəkli vardı. Ona demişdim ki, sənin bu əziyyətli prosesi keçməyini istəmirəm, bilinmir cüdoçu kimi yaxşı olacaqsan, ya yox. Dedi ki, ata, bu, mümkün deyil, güləşməliyəm. Mən də dedim ki, özü yıxılan ağlamaz, seçim sənindir. Əgər onda intizamsızlıq görsəydim, onu vaxtında uzaqlaşdırardım. Zəif, cılız uşaq idi, amma müəllimlərin sözünə baxıb yüksəldi.
– Birlikdə Rəcəbli ailəsi olaraq şəkil çəkdirmişdiniz. Medalın "yuyulması" prosesi nəsildə oldumu?
– Ailəmizin içində bunu qeyd etdik. Atam üçün də bu böyük sevinc idi. Nəvəsi oğlundan sonra dünya çempionatında medal qazanıb. O medaldan sonra mənim boşluqlarım olub. Amma ona demişəm ki, bu nəticəni unudub, yenə səylə məşq etməlisən. Şöhrətdən baş gicəllənmə olmamalıdır. Düzdür, elə uşaq deyil. Amma biz öz tövsiyəmizi verməliyik.
– Geriyə, sizin 2001-ci ildə Almaniyanın Münxen şəhərində bürünc medal qazandığınız dünya çempionatına qayıdaq. Orada cəmi 2 bürünc medal qazanmışdıq. Digər bürünc medalı 90 kq-da dağıstanlı Rəsul Səlimov qazanıb. Ora az heyətlə getmişdiniz?
– 3-4 idmançı ilə getmişdik. Elçin İsmayılov da heyətdə vardı. Mehman Əzizov mənim çəkimdə vardı. O dünya çempionatına mən seçilmişdim. O vaxt indiki "Böyük Dəbilqə"lər Dünya Kuboku adlanırdı. Həm Bolqarıstan, həm də Rusiyada keçirilmiş bu yarışların qalibi olmuşdum. Ona görə də Almaniyaya məni apardılar. Onda indiki kimi böyük heyətlə yarışlara getmirdik. Hazırkı federasiya rəhbərliyindən məşqçilər heyətinədək hamı həqiqətən böyük işlər görür.
– Bayaq qeyd etdiniz ki, Ömərə "mən etdiyim səhvləri sən etmə" demisiniz. 2001-ci ildən sonra nə baş vermişdi ki?
– İndi hər şey şəffafdır. Kim güclüdürsə, o da heyətə salınır. O vaxt ayrı-seçkilik vardı. Mənə qarşı haqsızlıq oldu. Olimpiadaya lisenziya qazansam da, aparılmadım. Düzdür, rəqibim də qazanmışdı. Amma mənə qarşı ögey münasibət olub. Bu da məni sındırıb. İdmanda psixoloji sarsıntılar keçirmişəm, həvəsdən düşmüşdüm. Bu məsələlər barədə çox danışmaq istəmirəm... Təbii ki, hər şeyi federasiyanın, məşqçilərin üzərinə atmaq olmaz. Özümdə də səhvlər olub. Özümə qarşı münasibətdən soyumuşam, məşqlərə laqeyd yanaşmışam. Bunu özüm özümə etmişəm. Ömərə də bunu demişəm. O vaxt indiki şərait də yox idi, cüdoya qayğı yox idi, həkimimiz, masajçımız yox idi. O vaxt indiki şəraitin 1/3-i mövcud deyildi.
– Siz həm də oğlanlardan ibarət gənclər millimizin məşqçisiniz. Gənclər komandasından Süleyman Şükürovu 90 kq-da böyüklərin dünya çempionatında gördük. Sonradan finala çıxan yaponiyalı Qoki Tacimaya uduzdu. Çıxışını necə dəyərləndirirsiniz?
– O, sentyabrda Monteneqronun paytaxtı Podqoritsada gənclər arasında Avropa çempionu oldu deyə, məşqçilər heyəti ona da şans verdi. Həqiqətən yapon dünya çempionuna qarşı bərabər şəkildə güləşdi. Yalnız yuko ilə uduzdu. Onun güləşi çox xoşumuza gəldi. Çox layiqli güləşdi. Püşk də pis alınmışdı, güclü idmançı 2-ci görüşdə qarşısına çıxdı. İnşallah, gənclərin dünya çempionatında Süleymandan medal gözləyirik.
– Kənan Nəsibov dünya çempionatından sonra U-23-lərin Avropa çempionatında çıxış etdi. İndi də Süleyman 2 fərqli yaş qrupu üzrə vacib yarışda çıxış edəcək. Bu onun üçün problem yaratmır ki?
– Əksinə, bir az da daha artıq ruh yüksəkliyi ilə güləşəcək. Çünki böyüklərdə güləşən üçün gənclərdə güləşmək daha rahat gələcək. Ondan dünya çempionluğu gözləyirik.
– Gənclər millimiz bu ay dünya çempionatında yarışacaq. Kimlərdən nə gözləyək?
– Bütün komandadakı uşaqlar medala layiqdir. Avropa çempionu olanlardan 60 kq-da Ayxan Mirzəzadə və 66 kq-da Məhəmməd Musayev yaxşı uşaqlardır. 73 kq-da güləşən Əbil Yusubov Avropa çempionatında zəif çıxış etdi (ona görə də bu dünya çempionatında 73 kq-da güləşən olmayacaq – red.). 81 kq-dakı Cəsur İbadlı və Mehdi Abbasovun hər ikisi yaxşıdır. Ona görə də hər birindən medal gözləyirik. Qızıl medalı isə əvvəldən proqnoz vermək çətindir.
– Ötən il Slovakiyanın paytaxtı Bratislavada gənclər arasında Avropa çempionu olmuş Nihad Məmişov oktyabrın 14-də məşqdən çıxıb gedərkən avtomobil qəzasına düşüb. Onun yığmadan aralı düşməsi nə dərəcədə sizə təsir edir?
– O uşaqdan da medal gözləyirdik. İnşallah, tez sağalar. Ümid edirik ki, idmançı karyerasını davam etdirər. Avropa çempionatı öncəsi çiynindən zədə aldı deyə, onu Monteneqroya apara bilmədik. İndi də belə hadisə olub. 66 kq-da Məhəmməd Musayevlə Avropa çempionatının finalında da qarşılaşa bilərdi. Buna qadir uşaqdır.
– İlham Zəkiyevin şəxsi məşqçisi də olmusunuz. "Vikipediya"da belə yazılır...
– O, Sumqayıtda atam Əhməddin Rəcəblinin yetirməsidir. Əlil olmazdan qabaq, 15 yaşından bizdə məşq keçib. Atam təqaüdə çıxanda 2012-ci ildən 2018-ci ilədək onun məşqçisi mən olmuşam. Paracüdo yığmasında köməkçi məşqçi olan vaxt İlham dünya və Avropa çempionluğunu qazanıb. Mən cüdo yığmasına keçəndən sonra onun şəxsi məşqçisi Azad Zahidov oldu, indi də Emin Beydullayevdir.
– Sonda bu sualı verməsəm, olmaz. Nömrənizin sonluğu 8181-lə bitir. Bu sizin və oğlunuzun 81 kq-da güləşməsi ilə bağlıdır?
– Yox. 2001-ci ildə dünyada 3-cü olanda, Füzuli Musayev mənə bu nömrəni hədiyyə edib. O vaxtdan bu nömrə məndədir. Füzuli Musayevlə yaxın münasibətlərimiz vardı. Mənə bu nömrəni hədiyyə etmişdi.
Səbuhi Musa
