Veteran cüdoçu Fərhad Rəcəbli Zaqreb Qran-prisində 2 medal qazanan Azərbaycan yığmasının çıxışını dəyərləndirib.
O, bununla bağlı Prosport.Az-a müsahibə verib.
- Zaqrebdə keçirilən Qran-pri turnirində Azərbaycan cüdoçuları 2 medal qazandılar. İdmançılarımızın çıxışını necə qiymətləndirirsiniz?
- Super nəticədir. Çünki bilirsiniz ki, orada əsas komandamız iştirak etmirdi. Əsas heyətdən bir neçə nəfər mübarizə aparırdı. Gənc idmançıları yoxlayırdılar. Bir qızıl və bir gümüş medal normal nəticədir. Hər yarışda nəticə qazanmaq bir qədər çətindir. Ona görə də bunu yaxşı nəticə hesab edirəm. Çempionumuz varsa, bu, artıq hər şeyi həll edir. Bu da bizi çox sevindirdi. Əslində, Uşanqi də məğlub olmuşdu, onun məğlubiyyəti də öz yerində. Amma bu nəticənin əldə olunması sevindiricidir. İnşallah, belə davam etsə, gələcəkdə daha yaxşı nəticələr gözləmək olar.
- Kənan Nəsibov qısa müddətdə 3 medal qazandı. Onun hazırkı formasını necə dəyərləndirirsiniz?
- Kənan gənc oğlandır. İnşallah, getdikcə təcrübə toplayar. Hər yarışda irəli gedir, nəticələrini artırır. Gənc idmançı üçün belə də olmalıdır. Başqa variant yoxdur.
- Nəsibov finalda Uşanqi Kokaurinin məğlub olduğu Almaniya təmsilçisi Losseyni Koneyə qalib gəldi. Beləliklə, onun da qisasını almış oldu. Əgər finalda 2 azərbaycanlı idmançı qarşılaşsaydı, nəticə necə olardı?
- Kənan hazırda yaxşı formadadır. Qalib ola bilərdi.
- Dekabrın 18-20-də Tacikistanda “World Judo Masters” turniri keçiriləcək...
- “Masters” turniri dünyanın ən güclü 16 idmançısının iştirak etdiyi yarışdır. Nəsə demək çətindir. Hər halda, hamısının şansı var. Qızlarımızın da şansı var. Əsas məsələ idmançıların yarışa hansı formada yaxınlaşmasıdır. İnşallah, hər şey yaxşı olar.
- Azərbaycan qadın cüdosunun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Qadın cüdosunda bizdə əvvəllər də bir-iki idmançı önə çıxırdı. İndi də vəziyyət təxminən belədir. Əlbəttə, müəyyən artım var. Xüsusilə gənclər və yeniyetmələr arasında irəliləyiş çoxdur. Ancaq böyüklər səviyyəsinə gəldikdə, hələ görüləsi işlər var. Gültacın Qran-pridə medal qazanması yaxşı haldır. Nəticə əldə etmək üçün çox işləmək lazımdır.
- Son olaraq, gələn il üçün yarış planlarınız barədə məlumat verməyinizi istərdik. Artıq təqvimdə müəyyənləşən yarışlar varmı?
- Hazırda Avropa çempionatının vaxtı məlumdur. Dünya çempionatının isə tarixi və keçiriləcəyi yer isə hələ bilinmir. Yəqin ki, ilin sonuna doğru açıqlanar. Əsas 2 yarış bunlardır. Bundan əlavə, bəzi turnirlərdə də iştirak etməyi nəzərdən keçiririk.
Cavid Əliyev
