“O, komandamızın kapitanı, əsl xarakter sahibidir. İnanıram ki, qarşıda onu hələ böyük oyunlar gözləyir. Çətin vəziyyətlərdə komandamıza çox kömək edəcək”.
Prosport.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın voleybolçu qadınlardan ibarət “Turan” komandasının baş məşqçisi Ziya Rəcəbov deyib.
Ayşən Abduləzimovanı CEV Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarında əsas heyətdə oynatmamasının səbəbi barədə danışan mütəxəssis bildirib ki, kapitan xarakteri sayəsində kollektivi çətin durumdan çıxarmağı bacarır: “Məsələn, Bolqarıstan “Maritsa”sı ilə III təsnifat mərhələsinin cavab görüşündə 3-cü setdə geridə idik, rəqib komanda hesabda öndə idi. Belə məqamda Ayşən meydana çıxaraq bizi xilas etdi. Onun təcrübəsi, xarakteri və fərdi keyfiyyətləri məhz belə anlarda özünü göstərir. Ayşəni Ayşən edən də budur. Bu, çox aydın görünürdü. Hətta voleyboldan başı çıxmayan insan belə, Ayşənin komandaya nə qədər böyük kömək etdiyini görə bilərdi. Var olsun! Bütün qızlarımı təbrik edirəm, əla oynadılar. Dünən də dediyimiz kimi, asan rəqib yoxdur. Rəqibə hər zaman ciddi yanaşmaq lazımdır. Voleybol elə oyundur ki, bir komanda irəli çıxır, sonra hesab bərabərləşə bilir. Özünüz də gördünüz, ilk setdə 8 xal fərqlə öndə idik, amma rəqib hesabı bərabərləşdirməyə qədər gəlib çıxdı”.
44 yaşlı mütəxəssis qrup mərhələsinin oyunlarının Tovuzda keçirilməsinin nə dərəcədə mümkünlüyü məsələsinə də münasibət bildirib: “Qonaqları gül-çiçəklə qarşılayırıq. Rəqib olsalar da, onlara hörmətlə yanaşırıq. Bu, eyni zamanda bölgədə voleybolun təbliğatıdır. Niyə də olmasın? Kiçik bir şəhərdə belə böyük ajiotajın yaşanması sevindiricidir. İnanın, Bakıda belə ajiotaj, belə azarkeşlik olmur. Həqiqətən də, zalda bir boş yer belə qalmamışdı. Üstəlik, Bakıdan gələn qonaqlar, televiziyadan izləyənlər də var idi. Tovuz sakinlərinin bir qismi də yerlərin dolu olması səbəbindən oyunu televiziyadan izləməyə məcbur qaldı. Rəqib komandaların Tovuza Gəncə aeroportu vasitəsilə gəlmələrini təmin etmək istiqamətində işlər rəhbərliyə aid məsələdir. Hava limanı yenidən işlək vəziyyətə gətirilərsə, niyə də yox?! Yəqin ki, bu istiqamətdə də müəyyən addımlar atılar. Avropa Voleybol Konfederasiyası da marağı görüb qrup oyunlarının Tovuzda keçirilməsinə icazə verər”.
Rəcəbov Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaları münasibətilə təəssüratlarını da bölüşüb: “Bütün azarkeşlərə təşəkkür edir, Azərbaycan xalqını təbrik edirəm. 9 ildən sonra Çempionlar Liqasının əsas mərhələsinə, yəni qrupa vəsiqə qazandıq. Sonuncu dəfə belə bir hadisə “Telekom”da yaşanmışdı. İndi isə azərbaycanlı mütəxəssis kimi ikinci dəfə bir komandanın qrup mərhələsinə vəsiqə qazanmasına nail oldum. Faiq Qarayevdən sonra bu uğuru yaşamaq mənim üçün böyük sevinc və qürurdur. Çox sevinir, fəxr edirəm”.
