Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının 12-ci yarış gününə yekun vurulub.
Prosport.Az xəbər verir ki, ünü 1 gümüş mükafatla başa vuran komandamız ümumi medal siyahısında ötən günlə müqayisədə 1 pillə geriləyib. Hazırda komandamız 3 qızıl və 2 gümüş medalla 12-ci pillədə qərarlaşır.
Medal siyahısının ilk 3 pilləsində isə dəyişiklik olmayıb. Ötən günlərdə olduğu kimi Çin siyahıya başçılıq edir. Şərqi asiyalıların aktivində 30 (16 qızıl, 8 gümüş, 6 bürünc) medal var. "Gündoğar ölkə" təmsilçisi Yaponiya komandası isə 9 qızıl, 8 gümüş, 9 bürünc medalla 2-cidir. Günü 1 bürünc medalla başa vuran Rusiya komandası isə 3-cü pillədə yer alır. "Şimal qonşular"ımızın aktivində 8 qızıl, 4 gümüş və 2 bürünc medal var. Misir komandası 12 (6 qızıl, 1 gümüş, 5 bürünc) medalla 4-cü, Efiopiya yığması isə 8 (5 qızıl, 3 gümüş) medalla 5-cidir.
Ümumilikdə 95 ölkənin komandası Dakar-2026-da medal qazanıb ki, onlardan da 75-i qızıl mükafat əldə edib.
Qeyd edək ki, Azərbaycan komandasına qızıl medalları cüdoçu İbrahim Talıbovla (55 kq) yanaşı, çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazandırıb. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq) və taekvondoçumuz Adil Kazımlı (73 kq) isə gümüş medallara sahib çıxıb.
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına noyabrın 13-də yekun vurulacaq.
