I Liqada mübarizə aparan "Mingəçevir"in sahibi bu ilin yanvarından etibarən ASTA (Azerbaijan Sport Talents Academy) Akademiyasının rəhbəri Rafael Bunyatov oldu. ASTA-nın gəlişindən sonra mövsümün ortasında klubun nəticələrində müsbət dəyişikliklər formalaşdı. Klub sonuncu pilləni mövsüm bitdikdə 4-cü yerlə əvəzlədi.
Çoxdandır ki, bu şəxsdən müsahibə götürmək üçün əlaqə saxlayırdım. Tək ona görə yox ki, o, "Mingəçevir"in sahibidir. Rafael Bunyatov həm də ictimaiyyətə Azərbaycan Kosiki-do Karate Federasiyasının prezidenti və iş adamı Adnan Əhmədzadənin yaxın dostu kimi bəllidir. Bu səbəbdən ondan geniş müsahibə hədəfimdə idi. Hər dəfə bir səbəbə görə müsahibə baş tutmurdu. Nəhayət müsahibə "Buta" Atçılıq Mərkəzində baş tutdu. Məlum oldu ki, Bunyatov həm də atçılığın çövkən növü üzrə ölkə çempionatında mübarizə aparan "Buta Qoldn" (Buta Golden) komandasının rəhbəridir.
Prosport.Az Rafael Bunyatovla müsahibənin 2-ci hissəsini təqdim edir (ilk hissə burada):
– ASTA-dan danışaq. Barselonadakı "Marset" Akademiyasında olan azərbaycanlı futbolçular nə vaxta kimi orda olacaq?
– 4 illik müqavilədir. Hələ 2 illəri var. Hazırda 34 nəfər orada təhsil alır, futbolun sirlərinə yiyələnir. Bu il İspaniyaya futbolçu göndərməyi çatdıra bilmədik. Ötən il ASTA-nın özündən çıxan cəmi 3 futbolçusu İspaniyaya getdi, qalanları başqa klublardan bəyənilən oyunçular idi. Bu il 10-12 nəfər 2010-2011-ci il təvəllüdlü futbolçuları Barselonaya göndərməliydik, əvvəlki məşqçilər heyətinə görə alınmadı. Ona görə də gələn ilə qaldı. İstəyirik ki, ASTA-nın öz yetirmələri orada olsun.
– Əvvəlki heyətdə "Qarabağ", "Neftçi", "Zirə", "Sabah"dan oyunçular vardı. Bütün xərclər siz tərəfindən çəkilir?
– Bəli, bəli. Bütün xərclər Adnan Əhmədzadə tərəfindən çəkilir.
– "Marset"də olan uşaqlar rəsmi oyunlara çıxmır. Ona görə də oyun praktikasından əziyyət çəkdikləri deyilir...
– Yox, belə şey yoxdur. Onların hamısı İspaniyanın idman vətəndaşlığı verən sənədlər əsasında oradadır və oyunlara çıxırlar.
– Yanvarda sponsorluq müqaviləsi imzalayanda demişdiniz ki, bir futbolçumuzla "Sebiya" (Sevilla) maraqlanır. O futbolçunun taleyi necə oldu?
– Hələ baxışdadır. Başqa klublar da maraqlanır. ASTA həm də menecer şirkəti kimi fəaliyyət göstərir. İspaniyadakı bütün futbolçularımızın menecer şirkəti ASTA sayılır.
– 12 sentyabr 2023-cü ildə Hövsan qəsəbəsində yerləşən FHN Arenada rəhbəri olduğunuz Kosiki Karate-do Federasiyası ilə Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti Ülvi Quliyevlə müqavilə bağladınız. Mən də həmin imzalanma prosesində idim. Ancaq son vaxtlar AKF-nin tədbirlərində sizi görmürəm. Soyuqluq var?
– Yox, Ülvi Quliyevlə indi də əla münasibətlərimiz var. Füzuli Musayevlə də həmçinin. Yenə də AKF-nin tərkibindəyik. Ülvi müəllimin AKF-nin rəhbəri olmasını təklif edənlərdən biri mən olmuşam. Ona böyük hörmətim var. Mən o federasiyada vitse-prezidentəm...
– Karateyə necə gəlmisiniz?
– Mən karatedən əvvəl idmana atletikadan – qaçış və uzunluğa tullanmadan başlamışam (2008-ci ildə vəfat etmiş atası Rafiq Bunyatov və anası Tamilla Bunyatova da atletika – nizəatma ilə məşğul olub). Heç kim məni idmana məcbur etməyib. 60, 100, 110 metr məsafəyə maneələrlə qaçışla məşğul idim. 12 dəfə Azərbaycan çempionu olmuşam. Rekordlarım var. 19 yaşımdan qardaşım Vəliyulla Bunyatova görə karateyə keçdim. 2008-ci ildə atam Rafiq Bunyatov rəhmətə getdiyindən, peşəkar karate karyeramı dayandırdım. Həmin vaxtdan Kosiki Karate-do Federasiyasına sadəcə sponsorluq edirdim. Federasiyanın prezidenti Talıb Berziqiyarov COVID vaxtı rəhmətə getdi. Daha sonra mənə müraciət olundu ki, rəhbər gəlim. Əvvəl işlərimin çoxluğu ilə əlaqədar istəmirdim. 6 aydan sonra razılaşdım. 2022-ci ilin yanvarında federasiya prezidenti seçildim. Həmçinin, kosiki karate üzrə 6-cı dan, taekvondo üzrə isə 3-cü dan qara kəmərim var.
– Bəs Adnan Əhmədzadə necə oldu ki, sizin federasiyada fəxri prezident oldu?
– Federasiyanın daxilində "Kudo" klubu da fəaliyyət göstərir, rəhbəri qardaşımdır. 2023-cü ilin mayında Tokioda keçirilən kudo üzrə dünya çempionatında 2 nəfər – Vüsal Əliyev və Sevinc Mövsümzadə qızıl medal qazandı. Mən də Adnanla işlə əlaqədar Londonda idim. Adnana dedim ki, qayıdım Bakıya, onların pul mükafatını verim, sonra yenidən bura gəlim. Dedi ki, gəl birgə qayıdaq. 3 gün sonra Bakıya gəldik. Ertəsi gün Adnan dedi ki, onları özüm mükafatlandırmaq istəyirəm. Dedim ki, bəs səni necə təqdim edim? Dedi ki, sponsor kimi. Mən də dedim ki, dostdan sponsor olmaz, gəl səni fəxri prezident kimi təqdim edim, onsuz da xeyirxah işlərlə məşğul olursan, idmana da dəstək olarsan. Dərhal Yaponiyadakı baş ofisimizə zəng vurub, belə bir adamın fəxri prezident olacağını bildirdim. Kim olduğunu izah etdim. 1 aya təsdiq cavabı aldıq... Bu il kosiki üzrə dünya çemponatı ya Kanada, ya da Avstraliyada olacaq. Ancaq baş ofisə Bakını təklif etmişdim. Çünki bu il 8 ölkənin iştirakı ilə beynəlxalq turnir keçirmişdim.
– Hamıya maraqlıdır. Adnan Əhmədzadə sizin üçün kimdir? Hər hansısa qohumluq əlaqəniz var? Yoxdursa, necə tanış olmusunuz?
– O mənim yeganə dostumdur. Hələ 1992-ci ildən bir-birimizin adını eşitmişdik. 1995-ci ildə əyani tanış olmuşuq. Onda mən Ulu Öndər Heydər Əliyevin qərarı ilə Xəzər Dəniz Neft Donanmasında mühəndis vəzifəsinə təyin olunmuşdum. 2 il sonra şöbə rəisi işləməyə başladım, daha sonra rəis müavini oldum. "Azpetrol"da vitse-prezident vəzifəsində də işləmişəm. İndiki "Azpetrol"ların çoxu bizim vaxtımızda tikilib. Həmin vaxt SOCAR-ın marketinq şirkətində də Adnan işləyirdi. Mən gəmilərin təmirinə baxırdım, o da marketinq işi ilə məşğul idi. İndiki Ali Məhkəmənin yaxınlığında iş yerlərimiz bir-birinə yaxın idi.
– Görüşdüyümüz məkanda atçılıq fermanız da var. Atçılıq idmanında da fəaliyyətiniz var...
– 30 ildir ki, atçılıqla məşğulam. Demək olar ki, Azərbaycanda ən çox at yetişdirən şəxslərdən biriyəm. "Buta Qoldn" komandasının rəhbəriyəm. Ondan qabaq cıdır yarışında "Xilə" (Rafael Bunyatov Bakının Əmircan qəsəbəsində anadan olub) adı ilə çıxış edirdik. 17 il cıdırda yarışmışıq. Orada Qarabağ və ingilis atları ilə mübarizə aparmışıq. Daha sonra Elçin müəllim (Azərbaycan Atçılıq Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevi nəzərdə tutur) bizə konkurda da çıxış etmək üçün 2 alman cinsi olan at bağışladı. 9 ildir ki, konkurda yarışırıq, Azərbaycan çempionuyuq. Həmçinin, çövkəndə də 2-ci ilimizdə ölkə çempionu olmuşuq (şəkildə qazanılan kuboklar əks olunub).
– Atanız Rafiq Bunyatov "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin (indiki idman klubunun) sədri olub. Ananız Tamila Bunyatova Milli Olimpiya Komitəsinin üzvüdür, Zemfira Meftahəddinovanın sədri olduğu "İdman Veteranları" İctimai Birliyinin sədr müavinidir. Siz özünüz də futboldan kənar idmanla məşğul olmusunuz. ASTA-nın yaradılması təşəbbüsü necə ortaya çıxıb?
– Qardaşım oğlu Adnan futbolla məşğul idi, "Sabah", "Neftçi"də oynayırdı. Ailəmizdə onadək futbolçu olmayıb. Dedim ki, dəqiq istəyirsən futbolla məşğul olmağı? Dedi ki, həyatımı futbola bəxş etmək istəyirəm. Ona görə də bir idmançı kimi vaxt itirməməsi üçün ona futbolda uğura gedən qısa yolu izah etməyə çalışdıq. Futbolçu karyerası qısa olur. 25-26 yaşadək maksimum öyrənə bilirsən. Bu idman növlərində itirdiyin pulu qaytarmaq olar, amma vaxtı yox. Təhsili buraxmısansa, futbolda da alınmayıbsa, sabah özünə iş tapa bilmirsən. Ona görə də ilk olaraq onu qardaşımla birgə Barselonaya göndərdik. Vəli 2 həftə orada hoteldə qaldı. Demişdim ki, oğlun Akademiyada qalacaq, sən onu 2 həftə ərzində cəmi 1 dəfə görəcəksən. Onda Adnanın 13 yaşı vardı. Bizə baxmaq lazım idi ki, Adnan valideynsiz orada qalmağa dözürmü? "Marset" onu saxlamaq istəyirdi. Bakıya qayıtdılar. Daha sonra qardaşımoğlunun da tək yaşaya biləcəyinə əmin olduqdan sonra ora yenidən göndərdik. ASTA da Adnanın futbolla məşğul olmasına görə yarandı.
– Adnan Əhmədzadənin İspaniyaya gedən futbolçuları maliyyələşdirməsi necə baş tutdu?
– Xaricdə olanda Adnan Əhmədzadəyə dedim ki, daha 5 nəfəri ora göndərmək istəyirəm ki, Adnan üçün çətinlik olmasın. Soruşdu ki, komandada neçə nəfər olmağı lazımdır? Dedim ki, adətən 22 futbolçu olur. Dedi ki, onda 20 nəfəri ora göndərək. Mən də dedim ki, bu qədər futbolçunu ora göndərməyə o qədər maliyyə vəsaitim yoxdur. Dedi ki, sən narahat olma, maliyyə məsələsi mənlikdir, o barədə fikirləşmə. 1 il sonra ASTA adından digər futbolçuları "Marset"ə göndərdik. Yeri gəlmişkən, ASTA adında klub 2018-ci ildən fəaliyyət göstərmiş, daha sonra fəaliyyətini dayandırmışdı. Yeni klub yaratmağa vaxt yox idi. 2 klub adı üzərində seçim etdik. Sonda ASTA adını ödəniş edib, öz adıma keçirdim.
– Qardaşınızın oğlunun adının Adnan olması təsadüfdür, yoxsa dostunuza görə qoyulub?
– Adnan Əhmədzadə nəinki dostumdur, doğma qardaşım kimidir. Biz bir ailəyik. Ailələrimiz bir-birimizi oğul kimi qəbul edir. Adnan atamla bu fermada olarkən tanış olub. Uşağı olanda qardaşım Vəli dedi ki, oğlumun adını Adnan qoymaq istəyirəm. Mən də bunu Adnana dedim. O da sevindi. Beləcə, onun adını Adnan qoyduq.
– Ananız Tamilla xanım sizə idmanda necə dəstək olur?
– Anam da həmişə at yarışlarımıza baxmağa gəlir. Bir dəfə oyun vaxtı Elçin müəllim soruşdu ki, tez-tez VİP lojadan hara düşürsən? Dedim ki, oradakı qadın anamdır, desəm də, deməsəm də, gəlib oyunlarımıza baxır (gülür). Onda Elçin müəllim bildi ki, ailədə tək idmançı mən deyiləm. Həmişə mənə dəstək olur. Tokioya dünya çempionatına gedəndə, bizə xeyir-dua vermək üçün hava limanına kimi gəlmişdi.
– Yenidən rəhbəri olduğunuz "Mingəçevir" futbol klubuna qayıdaq. Bu kluba rəhbər kimi gəlməyiniz hansı təşəbbüsdən irəli gəldi?
– Mən ASTA Agentliyi (menecer şirkəti kimi) yaratmışdım. Çünki fikirləşirdim ki, bu futbolçular qayıtdıqdan sonra onlarla nə edəcəyəm? 18 yaşlı futbolçuları peşəkar kluba yönəltmək lazımdır. Əgər peşəkar kluba keçə bilməsələr, nə olacaq? PFL-in prezidenti Elxan Səmədovla görüşdüm. Dedi ki, I Liqada yarışan klublardan birini al, yeni klub yaratmaq istəsən, Premyer Liqaya çıxmaq üçün 4-5 il lazım olacaq. Mənim də bu qədər zamanım yox idi. Çünki "Marset"dən qayıdanlar üçün cəmi 2 il vaxtım vardı. Mən də başladım Tural Piriyevlə (Futbolun İnkişaf Fondunun icraçı direktorunu nəzərdə tutur) görüşməyə. Mənə Saatlı və İmişli təklif olundu. Ancaq ilk gündən Mingəçeviri seçdim. Dedi ki, niyə Mingəçevir? Özüm ovçuyam. Bir dəfə ora ova gedəndə, gəncləri görmüşəm. Bu şəhərdə perspektivli işçi materialı gördüm. Uşaqlar hündürboyludur. O vaxtdan ağlımda idi ki, nəsə yaratsam, bu şəhərdə edim. Mingəçevir ölkənin 4-cü böyük şəhəridir, Azərbaycanın olimpiya bazası sayılır.
– 6 aydır ki, futbol klubunun rəhbərisiniz. Hər hansısa həvəsdən, ruhdan düşmə halı olur?
– Yox, bu bizə yad xüsusiyyətdir. Futbolda qazanc yaratmaq üçün futbolçu yetişdirmək lazımdır. Mən niyə görə öz stadionumuzun olmasını istəyirəm? Çünki orada azarkeş gəlişindən, bilet satışından pul qazanmaq mümkündür. Yerli camaat azarkeşlik edib istirahət etməlidir, stadionda oturacağı təmiz olmalıdır, arena ərazisində qidalanma üçün yeri olmalıdır. Biz onlara bütün şəraiti yaratmalıdır. Mingəçevirdə stadionun tutumu 5-8 min arasıdır. Bərpa etsək, 8 minlik tamaşaçı tribunası olacaq. 5 min də olsa da, hərəsi biletə 2 manat pul versə, bu, 10 min manat edir. Bu 10 min manatı stadionun infrastrukturunun xərclərinə və işçilərin əmək haqqısına yönəldə bilərik. Futbol şoudur. Əvvəlki baş məşqçimiz Füzuli Məmmədov xal qazanmağa oynayırdı. Ona da demişdim ki, azarkeşlərimiz gəlir futbola baxmağa, şou görməyə. Siz onu yaratmırsınız, topu götürən kimi, ya kənara atırsınız, ya da müdafiədən oynayırsınız. Siz futbol göstərməsəniz, camaat gəlməyəcək. Niyə də gəlsinlər ki?! Oturub evində nəticəyə baxar da... Füzuli Məmmədov mənə deyirdi ki, məşqləri Bakıda keçək, yalnız oyunlar üçün Mingəçevirə gedək. Mən razı olmadım. Çünki azarkeşlərin bizə olan sevgisini görmüşdüm. 25 günə oynamağa stadionumuzu bərpa etdim. Sadəcə, vaxt azlığına görə 250 nəfərlik tribunanı quraşdıra bildik. Mingəçevirdə heç kimə uduzmamışıq. Komanda "Karvan"ı 3-4 il idi ki, məğlub edə bilmirdi. Biz onları 2 dəfə məğlub etdik.
– Sonda bunu da öyrənim. Ramiz Məmmədovun baş məşqçi təyinatı necə baş tutdu?
– Son günədək Füzuli Məmmədovla davam edəcəyimizi gözləyirdim. Qardaşımla əl sıxıb qalacağına razılıq vermişdi, lakin sonra imtina etdi. Ramiz Məmmədovun isə bir mingəçevirli kimi "Şamaxı"da işlədiyini bilirdim. Onun bu komandada mingəçevirli kimi işləmək həvəsini hiss etmişdim. Görüşüb, danışdıq və razılaşdıq.
Səbuhi Musa












.jpg)




.jpg)
.jpg)

