"Benfika"nın baş məşqçisi Juze Mourinyu Türkiyəyə qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət təqdim edib.
Prosport.Az "Röyters"ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Fənərbağça"da çalışdığı dövrdə ona tətbiq edilən intizam sanksiyalarından narazıdır. Mourinyu ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edir.
Məlumata əsasən, müraciət artıq AİHM tərəfindən icraata qəbul olunub və Türkiyə hökumətindən məsələ ilə bağlı rəsmi izahat tələb edilib.
Xatırladaq ki, şikayətə səbəb 2024-cü ildə "Fənərbağça"nın səfərdə "Trabzonspor" üzərində 3:2 hesablı qələbəsindən sonra baş verən hadisələr olub. Həmin vaxt Türkiyə Futbol Federasiyası (TFF) Juze Mourinyonu matç zamanı rəqib azarkeşlərə qarşı qeyri-idman hərəkətlərinə və oyundan sonra hakimliyi sərt tənqid etməsinə görə 600 min türk lirəsi məbləğində cərimələyib. Bundan əlavə, ona 1 oyunluq paltardəyişmə otağına giriş qadağası tətbiq olunub.
AİHM iş üzrə araşdırmanın yeni başladığını bildirib. Hazırda məsələ ilə bağlı yekun qərar verilməyib.

