Azərbaycan Premyer Liqasının VIII turunda Gəncə şəhər stadionunda “Zirə” ilə 1:1 hesablı bərabərliyə imza atan “Kəpəz”in baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər ki, mütəxəssis ilk növbədə matç haqqında fikirlərini bölüşüb.
– İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Bir baş məşqçi kimi kənardan onların dəstəyini hər an hiss edirdim. Komandamla fəxr edirəm, meydanda çox yaxşı iş görməyə çalışırlar. Heyətimizdə ciddi itkilər var idi. Buna baxmayaraq, futbolçularım heç də pis təsir bağışlamadılar. Bu gün çempionatın ən güclü və oturuşmuş komandalarından birinə qarşı mübarizə apardıq. Düşünürəm ki, nəticə pis deyil, vacib 1 xal qazandıq.
– Futbolçu olduğunuz dövrdəki Gəncə stadionu atmosferi ilə indiki ab-hava arasında nə kimi fərqlər var?
– Biz oynayan illərdə “Kəpəz” həmişə çempionatda liderlik və avrokuboklar uğrunda mübarizə aparırdı. Ona görə də tribunalarda azarkeş sayı fantastik olurdu. İndi fərq odur ki, komandamız hazırda yuxarı pillələr uğrunda oynamır. Bu gün bura bu qədər azarkeşin gəlməsi böyük uğurdur. Əgər “Kəpəz” gələcəkdə yenidən zirvə uğrunda oynayarsa, inanın ki, stadionda tamaşaçılara yer çatmayacaq.
– Komandanız ikinci hissədə daha çox 1 xalı qorumaq üçün oynayır kimi görünürdü…
– Hesabda 1:0 öndə idik və çalışırdıq ki, bu üstünlüyü matçın sonunadək qoruyaq. Təəssüf ki, adi bir səhv ucbatından qapımızda qol gördük.
– “Kəpəz”in cari mövsümdə əsas hədəfi nədir?
– 3 il əvvəl də bu klubda işləmişəm. Həmin vaxt maliyyə imkanlarımız daha məhdud idi. “Sabah” Çempionlar Liqasında iştirak etdiyi üçün UEFA-dan bizə də müəyyən ödəniş gəldi. Bura hansı büdcə ilə gəldiyimi yaxşı bilirəm. Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur, sadəcə reallığı demək istəyirəm. Rəhbərliklə danışığımız olub ki, əsas hədəfimiz Premyer Liqada yerimizi qorumaqdır. Əgər gedişatda daha yuxarı pillələrə yüksəlmək şansımız olarsa, bundan istifadə edərik.
– Qış transfer pəncərəsində heyətin gücləndirilməsi planlaşdırılır?
– Müəyyən bir büdcəmiz var. Heyətə artıq 11 legioner cəlb etmişik, deməli, limit çərçivəsində cəmi 1 legioner gətirmək haqqımız qalır. Bilirsiniz ki, 12-dən çox legioner qeydiyyatdan keçirəndə PFL-ə əlavə rüsum ödənilməlidir, bu da bizim kimi məhdud büdcəli klublar üçün çətindir. Qışda hücum xəttinə 1 legioner forvard almaq istəyirik. Yerli futbolçulardan da komandamıza keçmək istəyən olarsa, qapımız açıqdır.
– Zədəli müdafiəçi Dioqo Verdaska yaşıl meydanlara nə vaxt qayıdacaq?
– Hazırda fərdi bərpa məşqləri keçir. Artıq komanda ilə birlikdə ümumi heyətə qoşulmasına çox az vaxt qalıb.
