Azərbaycan Premyer Liqasının VIII turunda oktyabrın 17-də keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının gərgin idman mübarizəsi ilə yanaşı, tribunalardakı azarkeş fəallığı ilə də diqqət çəkəcəyi gözlənilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan futbolunun 2 köklü klubunun üz-üzə gələcəyi görüşə marağı artıran əsas amillərdən biri də çempionatda liderlik uğrunda mübarizənin olmasıdır.
Hər iki komandanın eyni xala malik olması da oyuna əlavə gərginlik qatır. Belə şəraitdə hər xalın əhəmiyyəti artır.
Matç ərəfəsində biletlərə maraq da əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Oyunu stadionda çoxsaylı fanatın izləyəcəyinə gözləntilər artır.
"Qarabağ" klubu da azarkeşlərini oyunu canlı izləməyə və tribunadan komandalarına dəstək verməyə dəvət edib.
Qarşılaşmanı stadiondan izləmək istəyənlər üçün standart biletlər 5 manata, VIP biletlər isə 15 manata təklif olunur. Biletləri iTicket.az platformasından və oyun günü stadionun kassalarından əldə etmək mümkündür. Stadiona giriş yalnız QR biletlə təmin ediləcəyindən, azarkeşlərin bu qaydanı nəzərə almaları vacibdir.
Tribunalarda yaranacaq atmosfer qarşılaşmanın ümumi ab-havasının mühüm hissəsi olacaq.
"Bir daha “Qarabağ” azarkeşlərini komandalarının yanında olmağa, tribunaları doldurmağa və futbol atmosferinin yaradılmasında iştirak etməyə dəvət edirik", - deyə müraciətdə bildirilib.
