FIFA Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) 25 milyon ABŞ dolları həcmində maliyyə vəsaiti ayıracaq.
Prosport.Az xəbər verir ki, FIFA 2027–2030-cu illərdə 211 üzv assosiasiyasının hər birinə ayrılacaq vəsaitin həcmini 25 milyon dollara çatdırmağı təklif edib.
FIFA Şurasının İsveçrənin Sürix şəhərində keçirilən iclasında təqdim olunan təşəbbüsə əsasən, futbolun inkişafına yönəldilən ümumi investisiyaların həcmi 6,35 milyard dollara çatdırılacaq.
Vəsaitlərin qadın və gənclər futbolunun inkişafına, uzunmüddətli layihələrə və futbol infrastrukturunun qurulmasına yönəldilməsi nəzərdə tutulur.
FIFA prezidenti Canni İnfantino bildirib ki, qurumun maliyyə ehtiyatları da daxil olmaqla, vəsaitləri 211 üzv assosiasiyaya məxsusdur. Onun sözlərinə görə, yeni təşəbbüs dünya futbolunun inkişafına ayrılan maliyyə dəstəyini artırmaq məqsədi daşıyır.
Təklif hələ yekun təsdiqini almayıb. Maliyyələşdirmə şərtlərinin dekabrda FIFA Şurasının növbəti iclasında yekunlaşdırılması, 2027-ci ilin martında keçiriləcək FIFA Konqresində təsdiqə təqdim olunması planlaşdırılır.
Beləliklə, təşəbbüs təsdiqlənərsə, AFFA da 2027–2030-cu illər ərzində FIFA-dan 25 milyon dollar maliyyə vəsaiti almaq imkanına sahib olacaq.
