“Qəbələ”nin hücumçusu Kərim Rossi ölkəsi İsveçrə mətbuatına geniş müsahibə verib.
Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, 32 yaşlı forvard müsahibə zamanı karyerasını vərəqləyib. Rossi Azərbaycan karyerası barədə müsbət fikirlər səsləndirib.
İsveçrədə futbol təhsili: “Lozanna-Sport”dan “Qrasshoppers”ə (2010)
“Lozanna mənim üçün doğma şəhərdir. Həyat yoldaşım da Lozannadandır. Futbol təhsilimi Salim Xəlifinin də yer aldığı 1994-cü il təvəllüdlü futbolçular nəslinin tərkibində “Lozanna-Sport”da almışam. Daha sonra gənclərə şans verməsi ilə tanınan “Qrasshoppers”ə erkən yaşda keçmək qərarına gəldim. O vaxt Ben Xəlifə və Haris Seferoviç kimi futbolçuların nümunəsi də bunu göstərirdi. Həmin dövrdə “Lozanna-Sport” gənc futbolçulara indiki qədər geniş imkanlar təqdim etmirdi. “Qrasshoppers” isə akademiyası və infrastrukturu ilə tanınırdı. Sürixdə il yarım qaldım. Əsas komandada hücumçu mövqeyi uğrunda Şani Taraşayla mübarizə aparırdım, amma şans qazanan o oldu”.
İngiltərə: “Stok Siti” (2011–2014), daha sonra “Hall Siti” (2014–2015)
“17 yaşında Premyer Liqa klubu qapını döyəndə təklifdən imtina etmək çətindir. Bu, həmişə arzum olub. “Stok Siti” mənə üçillik müqavilə təklif etdi. Həm idman, həm də maliyyə baxımından cəlbedici təklif idi, bunu gizlətməyə ehtiyac yoxdur. Bu addımı atmağa qərar verdim. Bu qədər gənc yaşda getdiyimə görə tənqidlər də var idi, amma bu, mənim yolumun bir hissəsi idi. Açığı, Maykl Ouen, Cerdan Şakiri və Marko Arnautoviç kimi futbolçularla eyni meydanda məşq etmək inanılmaz təcrübə idi. Məşqləri isə İngiltərə futbolunun əfsanəsi Mark Hyuz keçirdi. Premyer Liqa komandasının məşqlərində iştirak etməklə həmin komandanın heyətində meydana çıxmaq arasında böyük fərq var. Onlarla məşq edəndə özünü komandaya yaxın hiss edirsən, amma digər tərəfdən, hələ də onlardan çox uzaqda olduğunu anlayırsan. Daha sonra “Hall Siti”yə keçdim, lakin burada da ehtiyat komandada oynamaqla kifayətlənməli oldum. Həftəsonları oyun təcrübəsi qazanmaq üçün bəzən əsas komandanın ulduz futbolçuları da bizimlə qarşılaşırdılar. Həmin vaxt gənclik kumirlərimdən biri olan Hatem Ben Arfa ilə də məşq edirdim. Bu, inanılmaz təcrübə idi. Məşq mərkəzi sanki bütöv bir şəhər idi: qolf meydançalarının yaşıl örtüyünü xatırladan 20 futbol meydançası var idi. Hər şey tamamilə fərqli səviyyədə idi. Üstəlik, söhbət “Mançester Siti” kimi maliyyə imkanlarına malik klublardan getmirdi. Bu təcrübələrdən çox müsbət nəticələr çıxardım. Dünyada analoqu olmayan futbol mədəniyyətini yaxından görmək və onun bir hissəsi olmaq mənim üçün böyük təcrübə idi”.
Belçika: “Zulte Varegem” (2015)
“Peşəkar futbolçu kimi debüt etmək şansını məhz Belçikada qazandım. “Hall Siti”dən icarə əsasında “Zulte Varegem”ə keçdim. Oradakı çempionat İsveçrə Super Liqasına kifayət qədər bənzəyirdi. 20 yaşlı futbolçu üçün 13 oyunda 4 qol vurmaq pis nəticə deyildi. Bəlkə də həmin vaxt bəxtim gətirmədi. Komandanın nəticələri də mənə kömək etmədi. Klubda qalmaq istəyirdim, amma yayda baş məşqçi heyəti yeniləmək qərarına gəldi və komandada qala bilmədim. Həmin vaxta qədər karyeramın inkişafı kifayət qədər ardıcıl idi, pillə-pillə irəliləyirdim. Lakin bundan sonra yolum bir qədər çətinləşəcəkdi”.
İtaliya: “Speziya” (2015)
“Həmin vaxt “Speziya” B Seriyasında çıxış edirdi və yüksək liqaya yüksəlməyi hədəfləyirdi. İtalyan həyat tərzini çox bəyəndim. Futboldan kənar həyatla bağlı heç bir şikayətim yox idi. Bəs meydanda? Açığı, gözlədiyimdən tamamilə fərqli mənzərə ilə qarşılaşdım. Çətin oyunlar, sıx müdafiə, çoxsaylı taktiki gedişlər, tez-tez qeydə alınan 0:0 hesabları… Hücumçu kimi mənim oyun üslubuma heç də uyğun deyildi. Belçika çempionatının yüksək liqasında mövsümün ilk yarısını ümidverici keçirsəm də, burada əsasən ehtiyatdan meydana çıxan futbolçu rolunda idim və çox az oynayırdım. Gəncliyin verdiyi həvəslə səbirli davrana bilmədim və daha çox oyun vaxtı istədiyimi açıq şəkildə bildirmək qərarına gəldim. Beləcə, yenidən sərhədi keçdim”.
İsveçrə: “Luqano” və “Şaffhauzen” (2016–2017)
“Evə qayıdış və maraqlı layihə: “Luqano”ya “Roma”da Françesko Tottini yetişdirmiş əfsanəvi məşqçi Zdenek Zeman rəhbərlik edirdi. Burada Super Liqada oynamaq imkanı qazandım, bir neçə oyunda meydana çıxdım. Lakin kluba gələn kimi zədə aldım, üstəlik, mövqeyimdə ciddi rəqabət var idi. Zemanla hər şey hücum üzərində qurulmuşdu! Onun oyun fəlsəfəsi son dərəcə maraqlı və heyrətamiz idi. Komandanı aşağı liqaya düşməkdən xilas etdik və İsveçrə kubokunun finalına yüksəldik. Finalda “Sürix”ə məğlub olduq. Yayda baş məşqçi dəyişdi və yeni mütəxəssis məni planlarına daxil etmədi. Buna görə də Çellenc Liqasında çıxış edən “Şaffhauzen”ə icarəyə verildim. Orada öz mövqeyimdə oynamırdım, özümə inamım da yox idi. Çətin dövr idi. Yanvarda “Luqano”ya qayıdanda başa düşdüm ki, mənə güvənmirlər. Demək olar, altı ay oyun praktikasından kənarda qaldım. 22-23 yaşında bunları yaşamaq çətindir. Bir il ərzində “Anderlext”ə qarşı 35 min azarkeşin önündə oynayan futbolçudan “Şaffhauzen”də demək olar ki, tanınmayan birinə çevrilirsən. Futbolda hər şey çox sürətlə dəyişir və bunun öhdəsindən psixoloji baxımdan gəlmək heç də həmişə asan olmur. Yaxşı və ya pis qərarlar vermişəm, amma heç nəyə görə peşman deyiləm”.
Niderland: “Kambur” (2017–2019) və “Telstar” (2019)
“Niderlandda karyeramı yenidən canlandırmaq fürsətindən istifadə etdim. Həmin vaxt klub ikinci diviziona düşmüşdü. “Kambur” ölkənin şimalında çoxsaylı azarkeşləri olan, xüsusi nüfuza malik komandalardan biridir. Bu, zəhmətkeş insanların yaşadığı və klubuna sıx bağlı olduğu şəhərdir. Bir neçə qol vuraraq komandada yaxşı iz buraxdım və klubdakı insanlarla bağlı çox gözəl xatirələrim var. İngiltərədən sonra Niderlandda da xüsusi futbol mədəniyyəti ilə qarşılaşdım. Orada keçirdiyim iki il ərzində alman dilinə yaxın olan niderland dilini öyrəndim. Beləliklə, fransız, italyan, ingilis və ispan dillərindən ibarət dil biliklərimə daha bir dil əlavə olundu”.
İsveçrə: “Kiazzo” (2019)
“Geriyə baxanda “Kiazzo”ya qayıtmağımı səhv qərar hesab edirəm. Klubda ciddi problemlər var idi, pərdəarxasında qəribə hadisələr baş verirdi. Bir neçə il sonra klub müflis oldu. Maaşlar gecikirdi. Üstəlik, COVID-19 pandemiyası başladı…”
İsveç: “AFC Eskilstuna” (2020)
“2020-ci ilin fevralı idi. COVID-19 pandemiyasının tüğyan etdiyi vaxt İsveçə gəldim. İsveç Avropada sərhədlərini bağlamayan və sərt karantin tətbiq etməyən azsaylı ölkələrdən biri idi. Stokholmda yerləşən klub yüksək liqaya qayıtmaq uğrunda mübarizə aparırdı. Həmin vaxt İsveçrədə gələcək həyat yoldaşımla tanış olmuşdum. Nəticədə bir il ərzində bir-birimizi görə bilmədik. Bəzi məhdudiyyətlər olsa da, həyat demək olar ki, normal davam edirdi. Restoranlara gedə, çölə çıxa bilirdik. Evdə karantində olan yaxınlarımla telefonla danışanda vəziyyətin nə qədər fərqli olduğunu hiss edirdim. İsveç dilini öyrənməyə çalışdım, amma alınmadı. Futbol baxımından da çətinliklərlə üzləşdim. Çempionat fiziki mübarizəyə əsaslanırdı, texniki baxımdan isə o qədər də güclü deyildi. Oyun üslubu, keyfiyyət baxımından da alışdığım futboldan fərqlənirdi. Qışda havanın soyuq olması və günəşin saat 15:00 radələrində batması da insanı bir qədər ruhdan salırdı”.
Bolqarıstan: “Tsarsko Selo” (2021)
“Bir paytaxtdan digərinə – bu dəfə Sofiyaya yollandım. Daha ekzotik istiqamətlərə səyahətim məhz burada başladı. Bolqarıstan çempionatının səviyyəsi pis deyildi. Təəssüf ki, qeyri-adi davranışları ilə seçilən klub prezidenti ilə qarşılaşdım. Bolqarıstan kubokunda “Ludoqorets”ə qarşı oynayırdıq. İlk hissə 0:0 hesabı ilə başa çatmışdı və nəticədən razı idik. Mafiozları xatırladan iri eynək taxan prezident soyunub-geyinmə otağına daxil oldu və üstümüzə qışqırmağa başladı. O, baş məşqçidən bir neçə futbolçunu dəyişməsini tələb edirdi. Sonradan öyrəndim ki, həmin oyunun nəticəsi əvvəlcədən razılaşdırılmış ola bilərdi və prezident bizim oyunlarımıza mərc edirdi. Daha sonra onun hüquq-mühafizə orqanları ilə ciddi problemləri də yarandı. Qələbədən sonra bizə bir dəstə pul verirdi. İki qol vuran komanda yoldaşlarımdan birinə isə qol saatı hədiyyə etmişdi. İnanılmaz, sanki başqa dünyadan olan səhnələr idi. Bununla yanaşı, maaşların gecikməsinə də dözməli olurduq. Karyeramın ümumi mənzərəsinə uyğun olaraq, bu da riskli bir seçim idi. Amma çətinliklərə tab gətirməyi və yenidən ayağa qalxmağı bacardım”.
Lüksemburq: “RFCU Lüksemburq” (2021–2022)
“İki-üç il ərzində çətinliklərlə üzləşdikdən sonra çox da təklif almırdım. Sonra Lüksemburqdan maraqlı fürsət yarandı. Bu, karyeramı yenidən yoluna qoymaq üçün yaxşı imkan idi. Həm də həyat yoldaşımın yanıma gəlməsi, fransız və alman dillərində danışılan bir ölkədə işləməsi üçün əlverişli şərait yaranmışdı. Etiraf edim ki, bu, gözlənilməz istiqamət idi. Üstəlik, çempionatın səviyyəsi o qədər də yüksək deyildi. Yenidən qol vurmaqdan zövq almağa başladım. Təxminən 15 qol vurdum və komandamız kuboku qazandı. Həm futbol, həm də psixoloji baxımdan mənə çox müsbət təsir edən gözəl xatirələrim var. Həmin mövsümdən sonra telefonum yenidən zəng çalmağa başladı”.
İndoneziya: “Deva Yunayted” (2022–2023) və “Persis” (2024)
“Yeni mədəniyyətlə tanış olmaq fikri xoşuma gəlirdi. Heç vaxt çətinliklərdən qorxmamışam, həm də çox maraqlı və öyrənməyə həvəsli insanam. İndoneziya mənə futbolun təkcə Avropadan ibarət olmadığını göstərdi. Ölkədə futbolun inkişafına kifayət qədər vəsait yatırılır. Mənə İsveçrə Super Liqasında çıxış edən futbolçunun maaşına bərabər məbləğ təklif etdilər. Lüksemburqdan gələn futbolçu üçün bu, cəlbedici təklif idi. Stadionlar ağzına qədər dolurdu. Komandanın avtobusu stadionun qarşısında futbolçuları gözləyən azarkeşlərin arasından keçməli olurdu. Küçədə insanlar səninlə şəkil çəkdirirdilər. Onlar futbola dəlicəsinə vurğundurlar. Məğlubiyyətlərdən birindən sonra polis əməkdaşları ilə birlikdə soyunub-geyinmə otağında qalmağa məcbur olduq. Ultras azarkeşlər qapıları zorla açaraq içəri girməyə çalışırdılar. Həmin ilin oktyabrında, 2022-ci ildə derbidən sonra ciddi iğtişaşlar baş verdi. Mən hadisələri televiziyadan izləyirdim. Qarşıdurmalar nəticəsində 120-dən çox insan həyatını itirdi. Bu, İndoneziya futbolunun tarixində ən böyük faciə idi. Çempionat üç ay müddətinə dayandırıldı. Daha müsbət məqamlarla yekunlaşdırsaq, oradakı həyatı, mədəniyyəti və çox acılı yeməkləri çox sevirdim. Futbol baxımından da mövsümü ən yaxşı bombardirlər sırasında başa vurdum və ilin rəmzi komandasına namizəd göstərildim”.
Kipr: “Karmiotissa” (2023–2024)
“Bir adadan digərinə – gözlənilməz Avropa dönüşü. Yeni müqavilə ilə bağlı razılığa gələ bilmədik və beləliklə, yenidən Avropaya qayıtdım. Kipr çempionatının səviyyəsi məni təəccübləndirdi. İspaniya və Braziliyadan, o cümlədən La Liqada çıxış etmiş çox yaxşı futbolçular var idi. İdman baxımından irəliyə doğru ciddi addım atmışdım. Həyat da möhtəşəm idi: rahat mühit, hər şey əlçatan, ağ qumlu çimərliklər. Meydanda isə artıq aşağı liqaya düşməsi rəsmiləşmiş komandaya qarşı oynayırdıq və bizə müəyyən top fərqi ilə qələbə lazım idi. Oyuna sonradan daxil oldum və iki qol vurdum. Bundan sonra rəqib komandanın müdafiəçisi yanıma gəlib dedi: “Rossi, axı belə razılaşmamışdıq”. Şoka düşdüm. Sonradan öyrəndim ki, klubun prezidenti müxtəlif qanunsuz işlərə qarışıb və həbs olunub”.
İsveçrə: “Şaffhauzen” (2025)
“İndoneziyaya qayıdaraq yarım mövsüm keçirdikdən sonra Hakan Yakının rəhbərliyi altında “Şaffhauzen”ə döndüm. İkinci qızımızın dünyaya gəldiyi ölkədə qısa müddət qaldım. Təəssüf ki, idman baxımından bu mərhələ klubun Promotion Liqaya düşməsi ilə başa çatdı”.
Azərbaycan: “Şamaxı” (2025–2026) və “Qəbələ” (2026-cı ilin iyulundan)
“Bu dəfə yeni futbol sınağı uğurlu alındı. Paytaxt Bakının yaxınlığında yerləşən “Şamaxı” ilə mövsümü 35 oyunda 13 qolla başa vurdum. Mövsümün rəmzi komandasına namizəd göstərilməyim mənə yeni imkanlar yaratdı. Lakin yayda “Qəbələ”ni seçdim. Klub mənə ikiillik müqavilə təklif etdi. 32 yaşımda sabitlik mənim üçün vacib idi. “Qəbələ” tarixi olan, yaxşı infrastruktura və gözəl stadiona malik klubdur. Milli komanda hələ ki, növbəti inkişaf mərhələsinə keçə bilməsə də, Azərbaycan futbolu inkişaf edir. Klublar yaxşı futbolçuları heyətinə cəlb etmək üçün sərmayə yatırırlar. “Qarabağ”ın ötən mövsüm Çempionlar Liqasında uğurlu çıxışı da Azərbaycan futbolunun nüfuzunu artırıb. Ailəm bu bölgə şəhərində mənimlə yaşayır. Ərazi bir qədər dağlıqdır və burada özümüzü yaxşı hiss edirik. Müsəlman mədəniyyəti mənə Mərakeş mənşəyimi xatırladır. Oteldə qalan yeni portuqaliyalı futbolçu şərq mətbəxinin dadlarına təəccüblənmişdi. Mən isə qeyri-adi karyeram sayəsində müxtəlif mühitlərə uyğunlaşmağı öyrənmişəm. Sanki buqələmunam”.
