Çexiyanın “Slaviya” klubunun məşqçisi Zdenek Qustetski və futbolçusu Daniel Şturm UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la keçirəcəkləri II tur oyunu barədə danışıblar.
Prosport.Az xəbər verir ki, Praqa təmsilçisi oktyabrın 11-də günortadan sonra Bakıya yola düşüb. Komandanı oktyabrın 13-də “Sabah”la qarşılaşma gözləyir.
“3 xal qazanacağımıza inanıram. Bunun üçün əlimizdən gələni edəcəyik. Bakıya təvazökarlıqla, ayağımızı yerdən üzmədən gedirik. Həmişə olduğu kimi, hər oyunda qalib gəlmək istəyirik. Bu dəfə də istisna deyil. Ümid edirik ki, nəhayət, istəyimizə çatacağıq”, – deyə Qustetski bildirib.
“Slaviya”nın hücumçusu Daniel Şturm da qarşılaşmanın çətin keçəcəyini, lakin qələbə üçün Bakıya yollandıqlarını vurğulayıb: “Sabah” uğur qazanma şansımızın ən yüksək olduğu komandadır. Bununla belə, bu, Çempionlar Liqasıdır və heç kimi kiçik görmək olmaz. Oyun çətin olacaq, amma inanıram ki, sonda məmnun qalacağıq”.
Şturm Bakıda meydan sahiblərinə qarşı qələbə qazanmağın nə demək olduğunu bilir. O, 2025/2026 mövsümündə Sloveniyanın “Tsele” klubu ilə Bakıda deyil, “Sabah”ın meydanında Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşündə 3:2 hesablı qələbəyə sevinib. Cavab görüşündə Azərbaycan təmsilçisi əsas vaxtı eyni hesablı qələbə ilə başa vursa da, sloveniyalılar əlavə vaxtda həlledici qolu vurmağı bacarıblar.
“Bu hissi yenidən yaşamaq istərdim. Özümü yaxşı hiss edirəm. Milli komandada dörd tam oyun keçirdikdən sonra dincəlmək imkanımın olması mənə kömək etdi”, – deyə futbolçu əlavə edib.
Qustetski Bakı ilə bağlı təəssüratlarını da bölüşüb. O, baş məşqçi Yindrjix Trpişovski ilə birlikdə 2016-cı il sentyabrın 15-də “Slovan Liberets”ın heyətində burada olduğunu xatırladıb: “Xoş mühitdir, şəhərdə futbola böyük maraq var, çoxlu stadion görmək mümkündür. Yeganə problem yolun uzun olması ola bilər. Bakıya getməyi səbirsizliklə gözləyirəm. Praqa ilə müqayisədə havanın daha isti olması da əlavə üstünlükdür”.
“Slaviya”nın məşqçisi komandanın Çexiya çempionatında “Zlin” üzərində qazandığı 1:0 hesablı qələbəyə də toxunub. Onun sözlərinə görə, milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra meydana çıxmaq həmişə çətin olur: “Yaxşı məqamlar da var idi, çatışmazlıqlar da. Milli fasilədən sonra oynamaq həmişə mürəkkəbdir. Amma üç xal istəyirdik və buna nail olduq. İndi rahat şəkildə “Sabah”la oyuna hazırlaşa bilərik. Komandanın sağlamlıq durumu optimal deyil. Fizioterapevtlər mümkün qədər çox futbolçunu hazır vəziyyətə gətirməyə çalışırlar. Çərşənbə axşamı “Zlin”lə oyunda meydana buraxmadığımız futbolçular da mütləq oynayacaqlar”.
Qeyd edək ki, “Sabah” – “Slaviya” görüşü oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
