Türkiyə I Liqasında komandaların və futbolçuların dəyəri yenilənib.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramov da siyahının üst sıralarındadır.
25 yaşlı sol cinah müdafiəçisi liqanın ən dəyərli 4-cü futbolçusudur. Son dönəmlərdə 200 min avroluq dəyər itirən Bayramovun hazırkı transfer qiyməti 1,8 milyon avroya bərabərdir. Onu qabaqlayan 3 oyunçunun hamısı komanda yoldaşlarıdır.
İlk “3-lük”də müvafiq olaraq “Bursaspor”un digər oyunçuları Keleçi İheanaço (2,8 milyon avro), Linkoln (2,7 milyon) və Yürqen Elitim (2,2 milyon) qərarlaşıb. Onlar da Toral Bayramov kimi dəyər itirib.
Liqanın ən dəyərli komandası isə elə “Bursaspor”dur. Bursalıların futbolçularının ümumi transfer qiyməti 19 milyon avrodur.
