UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la qarşılaşacaq Çexiya təmsilçisi “Slaviya Praqa” Bakıya səfər edəcək azarkeşlərinə müraciət edib.
Prosport.Az xəbər verir ki, klubun rəsmi saytında oktyabrın 13-də Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək qarşılaşma ilə bağlı bir sıra vacib məlumatlar yer alıb.
“Sabah” – “Slaviya” oyunu saat 20:45-də başlayacaq. Qonaq azarkeşlər üçün 3675 yer ayrılıb. Biletin qiyməti 740 Çex kronu, yəni təxminən 58 manat təşkil edir.
Klub azarkeşlərə Azərbaycana gəlmək üçün elektron viza almalı olduqlarını xatırladıb və müraciəti son günlərə saxlamamağı tövsiyə edib.
“Slaviya” həmçinin pasportunda Azərbaycanın Qarabağ bölgəsinə əvvəlki səfərini təsdiqləyən möhür olan şəxslərin ölkəyə buraxılmaya biləcəyinə diqqət çəkib.
Çexiya klubu BOS-a getmək üçün azarkeşlərə “Koroğlu” metro stansiyasından istifadəni tövsiyə edib.
“Slaviya” azarkeşlərə BOS-a giriş zamanı tətbiq olunacaq qadağalar barədə də ətraflı məlumat verib.
Stadiona iri həcmli əşyalar və baqaj, qoltuq ağacları, əsalar, silah, narkotik vasitələr, spirtli içkilər, pirotexnika, rasist, ksenofob və ya siyasi məzmunlu plakatlar və geyimlər, dronlar, lazerlər, tezalışan maddələr, alətlər, dirəklər, musiqi alətləri, meqafonlar, kompüterlər, peşəkar fotoaparatlar və heyvanlar gətirmək qadağandır.
Qonaq azarkeşlərə yalnız bir baraban aparmağa icazə veriləcək.
Stadionda siqaret çəkmək qadağandır. Bununla belə, arena ərazisində siqaret çəkmək üçün xüsusi ayrılmış yerlər fəaliyyət göstərəcək.
Bundan başqa, BOS-da spirtli içkilərin satışı da qadağandır.
Qonaq sektoruna A4 ölçüsündən böyük olmayan çanta ilə daxil olmaq mümkündür. Daha böyük baqajların stadionda saxlanılması üçün imkanın olmaya biləcəyi barədə də azarkeşlərə xəbərdarlıq edilib.
