"Son ötürmə, yəqin ki, ən zəif halqamız idi. Topa sahib olurduq, tez-tez onu cərimə meydançasına göndərirdik, cinahlardan çoxlu ötürmələr edirdik, amma ünvanı tapa və hücumları tamamlaya bilmirdik".
Prosport.Az xəbər verir ki, bunu Litva yığmasının futbolçusu Moteyus Burba Bakıda Azərbaycan millisinə 0:1 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının oyunundan sonra deyib.
ikinci hissədə meydana çıxan 23 yaşlı forvard hücumlarının sonluğunda problemlər yaşadığını bildirib. "Jalgiris”in futbolçusu məğlubiyyətin bütün məsuliyyətini hakimin üzərinə atmağın doğru olmadığını da vurğulayıb: “Mən hakimlər barədə danışmağa başlamaq istəməzdim. Uduzmuşuq, ona görə də ilk növbədə özümüzə baxmalıyıq”.
Burba Litvanın qrupda 1-ci yer uğrunda mübarizəni davam etdirmək üçün qarşıdakı matçlarda qalib gəlməli olduğunu bildirib: “Biz öz oyunlarımızı qazanmalıyıq, sonra növbəti matçın necə nəticələnəcəyinə baxarıq. Yalnız ümid etmək qalır ki, Lixtenşteyn favoritdən yenidən xal ala biləcək. Onlar bunu artıq bir dəfə ediblər, bəlkə yenə bacararlar”.
