Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Müsahibə
    "Bazel"ə 0:6 uduzmaq faciə deyil" – "Sabah"ın baş məşqçisi İsveçrədə olanları danışdı
    1.11.2024 09:00:00

    "Sabah"ın 19 yaşadək futbol komandası (U-19) UEFA Gənclər Liqasında İsveçrənin "Bazel" komandasına səfərdə 0:6 hesabı ilə uduzdu. Bu hesabdan sonra Azərbaycan futbolunun gələcəyinə ümid bağlayanlar bir az da pessimist fikirlərə qərq oldu.

    Məsələ ilə bağlı Prosport.Az "Sabah" U-19-nun xorvatiyalı baş məşqçisi Adino Mustedanaqiçdən müsahibə götürüb.

    – Komandanızın səfərdə "Bazel"ə uduzacağı gözlənilsə də, belə böyük hesab pessimist fikirlərə yol açdı. Orada nə baş verməsini sizin dilinizdən eşidək...
    – Qısa cavab verməli olsam, hər şey cəld, hər şey çox erkən baş verdi. Bu o deməkdir ki, həmin matçda bizim oyunçulardan bütün aspektlərdə çox cəld, sürətli olmaq tələb olunurdu. Onların 2600 azarkeşi oyuna gəlmişdi. Meydançanın durumu, əsl yarış ab-havası yaradan azarkeşləri, oyunçularının keyfiyyəti, taktiki səviyyələri, oyunun intensivliyi, pressinq – hər şey onların xeyrinə idi. Azərbaycanda etdiyin səhvləri sığortalamaq mümkündürsə, orada belə səhvlər ağır cəzalandırılır. Sadəcə, dünyada bu yaş qrupundan mümkün ən böyük tələb emosional oynamaqdır. Belə çox emosiya olanda, performansını göstərmək çətin olur.

    I mərhələdən azad olaraq II təsnifat mərhələsindən başlayanda ​​sevinməmişdim. Əvvəlcə daha zəif rəqiblərə qarşı oynamaq bizə tədricən Çempionlar Liqası səviyyəsində futbola uyğunlaşmaq şansı verəcəkdi.

    Üstəlik, "Bazel" bizə qarşı motivasiya ilə oynayırdı və bizi çox ciddi qəbul etmişdilər. Xüsusilə rəqibə "Bazel"in əsas stadionunda ("Zankt Yakob-Park") çıxış etmələri, çoxlu azarkeşlər, dostları və ailəsi qarşısında oynaması motivasiya verən fakt idi.

    Siz bu sualı verəndə eyni nəticədən sonra eyni sual verilən bir məşqçi yadıma düşdü. O, “1 oyuna 0:6 uduzmaq 6 oyuna 0:1 uduzmaqdan daha yaxşıdır” cavabını vermişdi. Çünki 1 oyun komandanın real səviyyəsini göstərmir. İkincisi, 6 oyunda 0:1 hesabı ilə uduzursansa, bu o deməkdir ki, sən düzəlmirsən. Təəssüf ki, bizim düzəlmək şansımız olmadı.

    Əminəm ki, əvvəllər heç olmasa bir neçə dəfə belə rəqiblə qarşılaşsaydıq, daha yaxşı çıxış edərdik. Eyni zamanda bu səviyyəyə uyğunlaşmaq üçün çox çətinlik çəkməzdik. Söhbət gənc oyunçular üçün ən güclü yarış olan Çempionlar Liqasından gedir. Məsələn, bizim üçün “Bazel”dən əvvəlki son sınaq “Zirə”nin əvəzedici komandası ilə olmuşdu. Əvəzedicilər Liqasında “Bazel” üçün meydana çıxan ilk "11-liy"imizi buraxmışdıq. 60 dəqiqə İsveçrədəki start heyəti oynatdıq. “Zirə” 3-cü yerdə qərarlaşıb və Əvəzedicilər Liqasının 2-ci ən yaxşı hücum xəttinə malik komandasıdır. 1:0 qalib gəldik, həqiqətən yaxşı oynadıq, "Bazel"lə də o cür oynamaq istəyirdik. Həm də “Zirə”dən əvvəl Əvəzedicilər liqasının son çempionu və hazırda turnir cədvəlinin zirvəsində olan “Neftçi” ilə də yoxlama matçı oynamışdıq. Bu, Azərbaycanda edə biləcəyimiz maksimum hazırlıq idi.

    Onu da qeyd etməliyəm ki, klub futboluna oyunçuların birlikdə daha az məşq etdiyi milli komandaların futbolundan daha çox tələbat var. Biz bir neçə mövsüm birlikdə məşq edən və bu cür oyun keçirmək təcrübəsinə malik futbolçulardan qurulmuş İsveçrənin ən yaxşı akademiyalardan birindən danışırıq. Məsələn, Çempionlar Liqasının əvvəlki mövsümündə “Bazel”in 7 futbolçusu Zaqreb “Dinamo”suna qalib gəldikləri matçda oynayıb. Bu o deməkdir ki, onlar indi bir yaş da böyük və daha təcrübəlidirlər. Ancaq bizdə bu mövsüm start heyətimizin demək olar ki, yarısı komandamıza yeni qoşulub.

    Onu da qeyd etməliyəm ki, oyuna çox yaxşı başlamışdıq. Sadəcə, individual səhv bizi şoka saldı, qol buraxdıq. Bundan sonra özümüzə gəlmək, belə desəm, relsə düşmək həqiqətən çətin idi.

    Belə bir rəqibə qarşı yaxşı nəticə əldə etmək üçün 3 şey lazımdır: Mümkün qədər ən az fərdi səhvlər etmək, rəqibin pis günündə olması və ya motivasiyasız olması, bəxtinin gətirməsi. Təəssüf ki, bizim üçün bunların heç biri olmadı.

    – Müdafiəni başa düşdük. Bəs hücum xətti? Statistika deyir ki, "Bazel" sizin qapıya 19 zərbə vurub. Siz isə 1 dəfə də olsun rəqib qapısına tərəf top göndərə bilməmisiniz. Hücum xəttinin passivliyi nə ilə bağlı idi?
    – Bu, qollara səbəb olan fərdi səhvlərlə birlikdə ən böyük problemimiz idi. Artıq “Bazel”in “Neftçi” və “Zirə”nin əvəzedici komandaları ilə oyuna hazırlığımızı qeyd etdim və bu baxımdan biz onlara qarşı çox yaxşı çıxış etmişdik. Bizdən böyük və Əvəzedicilər liqasında zirvədə olan komandalara qarşı qol imkanları və şanslar yaratmışdıq.

    Mən Zaqreb "Dinamo"sunun akademiyasında işlədiyim və bu cür futbol səviyyəsi olan yerdən gəldiyim üçün nələrlə qarşılaşacağımızı bilirdim. Amma buna məşqlərdə hazırlaşmaq çətindir. Çünki gənc oyunçularımızın belə təcrübəsi yoxdur, ona görə də onlara dediyim sözlərin mənası qalmır. Onların təcrübəsi ancaq Azərbaycandakı oyunlardandır. Məşqlərdə onlara topu daha sürətli ötürməyə çağırarkən, onlar rəqib qapısından uzaqda olduqda topla daha uzun müddət driblinq edirlər. Azərbaycanda bu keçərlidir, ancaq "Bazel" üçün yox. Bunun heç bir mənası yoxdur. Onlara boş sahə və topla oynamaq imkanı verməyən "Bazel"lə qarşılaşanda, topu dəfələrlə itirdilər, daha uzun müddətə driblinq etməyə çalışırdılar. Bundan sonra biz bu təcrübə əsasında onlara nəyisə öyrədə bilərik.

    Əsas komandada işləmək tamamilə fərqlidir. Çünki oradakı futbolçuların karyeralarında belə təcrübələri var, ona görə də onlara bir şey söyləməyin mənası var. Lakin 1-ci komanda səviyyəsində belə, Avropada uğur qazanmaq üçün adaptasiya gərəklidir. Zaqrebin “Dinamo”suna da, “Qarabağ”a da Avropada uğur qazanması üçün vaxt lazım idi.

    Onların 19 zərbəsinə gəlincə... Qollar və yaratdıqları şanslar əslində bizim fərdi səhvimizdən oldu. Planımızın bir hissəsi onlara oyunda inisiativi vermək və təhlükəli mövqelərdən zərbələrinin qarşısını almaq idi. Bu zərbələrin əksəriyyəti o qədər də təhlükəli olmayan mövqelərdən gəlirdi ki, bu bir daha deyirəm, planımızın bir hissəsi idi. Təəssüf ki, etdiyimiz səhvlər bizə baha başa gəldi.

    – "Sabah" U-19 səviyyəsində yeganə komandadır ki, əcnəbi baş məşqçisi və legionerləri var. Ancaq 0:6 uduzdunuz. Məhz buna görə də tənqid olunursunuz. Bu tənqidləri necə qarşılayırsınız?
    – Mən onları konstruktiv olduqları halda qəbul edirəm. Tənqid çox müsbət bir şeydir. Ancaq “sən əcnəbisən və möcüzə yaratmalısan” fikri konstruktiv tənqid deyil. “U-19 liqasının çempionu oldunuz” ifadəsi kimi, “siz məğlub oldunuz” ifadəsi də yanlışdır. Komanda olaraq oyunçular məşqçi heyəti ilə birlikdə uduzdu. 6:0 çox pis səslənsə də, bu belədir. Mənim işim möcüzə yaratmaq deyil, oyunçulara gördüyümüz işi oyundan oyuna təkmilləşdirməyə kömək etməkdir. Bu bizim bu səviyyədə ilk təcrübəmiz idi və biz daha yaxşı olmaq üçün çalışacağıq.

    Həm də əcnəbi futbolçularımızı tənqid etməyin. Onlar yaxşıdır, təkcə özləri üçün deyil, həm də onlara qarşı məşq keçən və oynayan azərbaycanlı futbolçular üçün çoxlu müsbət cəhətlər gətirdilər. Bütün dünya belə şeylərə açıqdır. Ona görə də Azərbaycanda bunun tənqid olunması mənim üçün qəribə gəlir. Məsələn, "Dinamo" Akademiyasının ən yaxşı məhsullarından biri Dani Olmo və ya "Barselona"da Lionel Messi olub. Hər ikisi də əcnəbi idi.

    – Yenidən oyuna qayıtsaq, qapınıza 2 penalti verilməsinə və futbolçunuz Elgün Dünyamalıyevə qırmızı vərəqə göstərilməsinə də toxunaq. Nə dərəcədə hakim qərarları düzgün idi?
    – Bu oyunun referisi ən yaxşı xorvatiyalı hakimlərdən (oyunu Patrik Kolariç idarə edib – S.M.) biridir. Mənim şəxsi fikrim budur ki, gənclər səviyyəsində səhvlərə qarşı daha çox dözümlülük olmalıdır. Xüsusilə vərəqə göstərilərkən. Bu hakim bir neçə gün sonra Xorvatiya əsas çempionatında oyun idarə etdi. Onun qaydalar üzrə həssaslığı əsas komandalar üçün daha uyğundur. Oyundan sonra qeyri-rəsmi söhbətdə mənə dedi ki, Elgün üçün 2-ci sarı vərəqə haqqında düşünəcək. Çünki həmin epizodda sarı vərəqə 50/50-yə idi.

    Buradan həm də Elgünə və digər oyunçulara mesaj vermək məcburiyyətindəyəm ki, hər iki epizodda ikili mübarizə daha yaxşı ola bilər və hətta bundan qaçmaq olardı. Xüsusilə penaltiyə səbəb olduğu ilk epizodda. Çünki onu sığortalamağa yaxında komanda yoldaşı var idi. Amma burada həm də bu kimi oyunun tələbləri və təcrübə azlığı mövzusuna gəlirik. Çünki Elgün akademiyamızın ən yaxşı oyun nümayiş etdirən futbolçularından və istedadlılarındandır. O, Azərbaycanda bu mövsüm belə bir davranış heç vaxt nümayiş etdirməyib.

    – Aydın məsələdir ki, bu nəticədən sonra "Sabah" növbəti mərhələ şansını itirib. Noyabrın 6-da Bayılda keçirəcəyiniz matçda nə üçün oynayacaqsınız?
    – Artıq bu müsahibə vasitəsilə bu suala cavab vermişəm. Belə bir şəraitdə belə güclü rəqibə qarşı 0:6 uduzmaq faciə deyil. Faciə oyununu təkmilləşdirməmək və daha yaxşı olmamaq olardı. Mən mövzunu sizə əks-sualla bağlamaq istəyirəm: onların futbolçuları bizim şəraitimizdə, bizimkilərsə onların şəraitində yetişsəydi, oyunun nəticəsi necə olardı?

    Səbuhi Musa

    Futbol

    "Qarabağ" Astanadakı turnirə qələbə ilə başladı - VİDEO

    6.12.2025 12:54:25
    Futbol

    "Qarabağ"a Qazaxıstana bu heyətlə yollandı – ADLAR

    5.12.2025 10:00:52
    Akademiya

    "Qarabağ" yenidən Belarusa gedəcək – 2 turnirdə iştirak edəcək

    4.12.2025 19:36:00
    Futbol

    "Neftçi"dən 8 qol, "Qarabağ" xal itirdi

    1.12.2025 15:50:30
    Futbol

    UEFA "Qarabağ"ı azarkeşlərinə görə cərimələdi

    27.11.2025 21:33:05
    Futbol

    Sənan Qurbanovun "Neftçi"də köməkçiləri bəlli oldu

    25.11.2025 13:47:07
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kamandan oxatanlarımız Çitada 120 min pul qazandı – FOTOLAR

    7.12.2025 17:28:01

    "Ola bilsin, yanvarda rəhbərliklə bu haqda danışaq" – Füzuli Məmmədov

    7.12.2025 17:27:46

    "Meydança ağır idi, yağış üzümüzə baxdı" – "Şamaxı"nın baş məşqçisi

    7.12.2025 17:23:46

    Qız basketbol millimiz Belarusu qalib, oğlanlarımız məğlub tərk edir

    7.12.2025 17:12:35

    "Xəzər Lənkəran" qayıdır? – AFFA-nın baş katibi cənubda

    7.12.2025 16:32:15

    Misli Premyer Liqası: "Şamaxı"dan səfər qələbəsi – VİDEO

    7.12.2025 15:57:02

    "Qarabağ"ın ÇL-dəki rəqibi baş məşqçini bu əfsanə ilə əvəzləmək istəyir

    7.12.2025 14:25:24

    "Karvan-Yevlax" – "Şamaxı": HEYƏTLƏR

    7.12.2025 13:01:59

    "Yarışa psixoloji hazır deyildim" – Avropa çempionumuz

    7.12.2025 12:18:57

    Azərbaycanda sabiq nazir idman obyektinə direktor təyin olunub – EKSKLÜZİV

    7.12.2025 11:57:32

    Nazim Sadıxov UFC-də ilk dəfə məğlub oldu – VİDEO

    7.12.2025 10:44:26

    AFFA prezidenti Ravşan İrmatovla görüşdü

    6.12.2025 23:37:53

    Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizə yekunlaşdı – FOTOLAR

    6.12.2025 20:45:31

    Tanınmış idmançımız vitse-prezident seçildi – FOTOLAR

    6.12.2025 20:00:41

    "Hakimə yüngül təzyiq göstərirdim" – Rəşad Sadıqov

    6.12.2025 19:38:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved