Azərbaycan Basketbol Liqasında (ABL) ilk turdan təxirə salınmış “Naxçıvan” - “Neftçi” oyunu paytaxt təmsilçisi 104:84 hesablı qələbəsi ilə bitib.
Prosport.Az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən qarşılaşmada “Neftçi” rəqibini 20 xal fərqlə üstələyib.
Beləliklə, Bakı komandası təxirə salınmış görüşdən qalib ayrılaraq turnir cədvəlində hesabına növbəti qələbəni yazdıraraq xallarını 13-ə çatdırıb və "Sabah"la şərikli lider olub. “Naxçıvan” isə 12 xalla üçüncüdür.
Günün digər qarşılaşmasında “LANDAU Layns" növbəti qələbəsini qazanıb. Komanda üçüncü turdan təxirə salınmış oyunda “Ordu”nu 17 xal fərqi ilə məğlub edib.
Görüşdə üstünlüyü ələ keçirən “LANDAU Layns” rəqibinin hesab fərqini azaltmaq cəhdlərinə baxmayaraq, təşəbbüsü əldən verməyib.
“Ordu” oyunun gedişində fərqi azaltmağa çalışsa da, rəqibinin müqavimətini qıra bilməyib.
Nəticədə “LANDAU Layns” 97:80 hesablı qələbə ilə meydanı qalib tərk edib.
Xallarını 11-ə çatdıran “LANDAU Lions” dördüncü pilləyə yüksəlib. "Ordu" isə 9 xalla yeddincidir.
