"Neftçi" yenə gündəm yaradıb.
Bu dəfə nəticəsi ilə yox. Ötən dəfəki qələbədən sonra nəticənin düzəldiyini qismən iddia etmək mümkündür. Hər halda XXI turda "Qarabağ"la oyundan sonra bu barədə tam qənaətə gəlmək mümkün olacaq.
Budəfəki gündəm də elə XXI turun fevralın 21-də keçiriləcək oyunu ilə bağlıdır. "Neftçi" "Qarabağ"ın UEFA Çempionlar Liqasının "Nyukasl"la cavab matçına yaxşı hazırlaşması ilə bağlı təxirə salma təklifinə "yox" deyib.
Əslində "Neftçi"ni və bəzi başqa klubları "Qarabağ"ı Avropanın bir nömrəli turnirində pley-offa çıxmamasına görə təbrik etməməkdə qınamaq olmaz. Çünki "Neftçi" daha əvvəl də bu mövqeyini açıq şəkildə ortaya qoymuşdu: "Biz əzəli rəqibimizi təbrik etmək istəmirik". Xub, bu, anlaşılandır. Bu təbriklə "Qarabağ" da heç nə itirmir.
Ancaq təxirə salınma təklifinin yerə salınması ilə "Qarabağ" çox şey itirir. Fevralın 18-də "Qarabağ" Bakıda güclü rəqibi önündə sərfəli nəticə əldə edib, Britaniyaya ümidli getmək istəsə, o zaman Ağdam komandası əsas heyəti zədə və yorğunluqdan qorumaq üçün məcbur 2-ci "11-liy"ə güvənməlidir. Lider "Sabah"dan 4 xal geridə olan "Qarabağ" isə "Neftçi" ilə oyunda mümkün xal itkisi fonunda çempionluq şansını daha da çətinə sala bilər.
Və yaxud "Qarabağ" əsas heyəti oynadıb "Neftçi"ni məğlub etməlidir. Ancaq belə olan halda da, əsas heyət oyundan dərhal sonra səfərə çıxıb 3 gün sonrakı "Nyukasl"la matçı düşünməlidir.
Elə "Neftçi"nin də hazırda düşündüyü budur. Ümid olunur ki, "Qarabağ" 2-ci heyəti buraxıb, "Kəpəz"lə matçda olduğu kimi ya uduzacaq, ya da heç-heçəyə razılaşacaq. "Neftçi" taktiklərinin bu planı başadüşüləndir. Axı, son illər "Neftçi" "Qarabağ"ı yenmək üzünə həsrət qalıb.
Ancaq hər şey bununla ölçülmür. Ortada mənəvi dəyərlər var. Hara getdi onlar? Görünür, avrokuboklara düşmək üçün hər yola əl atan "Neftçi"nin rəhbərliyi mənəvi dəyərlərdən də qat-qat uzaq imiş. Tək ona görə yox ki, "Qarabağ" Avropada Azərbaycan bayrağını təmsil edir və ölkə başçısı İlham Əliyevin diqqətlə izlədiyi komanda Avropa arenasından məhrum edilmək təhlükəsi ilə üz-üzə qoyulur (hərçənd, yuxarılardan əmr gəlsə, "Neftçi" rəhbərliyinin yenə "təxirə salmaq istəmirəm" deməsi mümkün deyil). Məsələ burasındadır ki, "Neftçi" rəhbərliyi unutqanlığa yol verir. UEFA-dan gələcək məbləği məhz "Qarabağ"ın Çempionlar Liqasına düşməsinə görə əldə edəcəklərini unudurlar. Bu məbləğ "Neftçi"nin aktiv gəlirləri siyahısında əks olunur. Bu məbləğin ilin sonunda hesabatlar zamanı "Qarabağ"ın uğuruna görə əldə edildiyi yada düşəndə vicdan hissi oyanmayacaqmı?..
Qurban Qurbanov isə heç nəyi unutmur. Xüsusən növbəti böyük hesablı yenilgi qeydə alınacağı halda. QQ bu hərəkəti "Neftçi"yə bağışlamaz. Göz görə-görə gəlirik...
Murad
P.S. Çox istərdim ki, Avropadakı kimi təxirəsalmalar olmasın. Ancaq biz hələ buna hazır deyilik. Əgər hazır olsaydıq, Qurban Qurbanov mətbuat konfransında təxirəsalma ilə bağlı müraciət edəcəklərini dilə gətirməzdi. Bizim buna hazır olmağımız üçün "Neftçi"nin dirçəlməsi, "Xəzər Lənkəran", "Bakı", "İnter" kimi klubların yaranması və çempionatda rəqabətin yaranması lazımdır.

