Azərbaycanın 17 yaşadək futbol millisi (U-17) Belarusun paytaxtı Minskdə keçirilən "İnkişaf Kuboku" turnirində ilk qələbəsini qazanıb.
Prosport.Az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Əli Bəşirov meydan sahibi olan Belarusun U-16 millisinə 42-ci dəqiqədə möhtəşəm qol vurub.
Bununla da Aqil Nəbiyevin baş məşqçisi olduğu millimiz 1:0 qalib gəlib. Əli Bəşirov matçın ən yaxşısı (MVP) kimi Belarus Futbol Federasiyaları Assosiasiyasının tərəfdaşı olan "Luç" Minsk saat zavodundan xüsusi hədiyyə ilə mükafatlandırılıb. Millimiz isə qrupu 3 xalla 3-cü sırada başa vurub.
Qeyd edək ki, millimiz daha əvvəl Rusiyaya 1:7 və Özbəkistana 1:3 hesabı ilə uduzmuşdu. Komandamız qrupda tutduğu 3-cü yerə uyğun olaraq digər qrupun müvafiq pilləsini tutan kollektivi ilə 5-ci yer uğrunda sıralama matçına çıxacaq. Bu matç fevralın 23-də keçiriləcək.

