"Bu matçdan qələbə ilə ayrılsaydıq, bəlkə də bir möcüzənin arxasınca gedə bilərdik. Alınmadı. Artıq qrupdan çıxa bilməyəcəyimiz bəlli oldu".
Prosport.Az xəbər verir ki, bu sözləri "LANDAU Layns" komandasının baş məşqçisi Ərhan Tokər FIBA Avropa Kubokunda "Prievidza" komandasına 93:97 hesabı ilə uduzduqları matçdan sonra deyib.
Türkiyəli mütəxəssis məğlubiyyəti şərh edib: "Mövsümün əvvəlindən bəri siz də görürsünüz ki, zədələrlə mübarizə aparmalı olduq. Bu seriya ilk olaraq Edvart Polaytın zədəsi ilə başladı, daha sonra Saadettin, Arnas, Orelik və Freyzer zədələndi. Bu gün hətta Orelik Gediminası da artıq oynatdıq. Çünki həm o, həm də bütün komanda qələbəyə köklənmişdi.
Bu dəfə də müdafiədə sadə səhvlərə yol verdik. Üstəlik, bu səhvlər kritik məqamlarda baş verdi. Oyunu qazanmaq üçün çox böyük güc sərf etsələr də, istədiklərinə nail ola bilmədilər".
O fikirlərini belə tamamlayıb: "Dürüst danışsaq, ötən mövsümlə müqayisədə daha yaxşı komanda qurduğumuzu düşünərək mövsümə başlamışdıq. Amma hazırda zədədən qayıdanlar istisna olmaqla, 2 oyunçumuzdan istədiyimiz dəstəyi ala bilmirik. Adlarını çəkməyəcəyəm. Əgər onlar toparlanaraq yaxşı oyunlarını göstərsələr, o zaman liqada güclü komanda olacağıq. Əgər öz üzərlərində işləməsələr, oyunçu dəyişikliyi barədə düşünə bilərik. Hazırda onların çıxışından məmnun deyiləm".
