17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, yığmamız səfərdə Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın ilk hissəsində qapılara qol vurulmasa da, fasilədən sonra Şimali İrlandiya yığması təzyiqi artırıb. Noa Voq və Paday OKeyn hərəyə 2 dəfə fərqlənərək dubla imza atıb və matçın yekun hesabını müəyyənləşdirib.
Qeyd edək ki, daha əvvəl U-17 millimiz Almaniya yığmasına 0:7 hesabı ilə darmadağın olmuşdu. Komandamızın qrup 2-cisi kimi A Liqasına vəsiqə qazanması üçün noyabrın 17-də Litva üzərində böyük hesabla qələbə qazanması və digər matçda Şimali İrlandiyanın Almaniyaya uduzması lazımdır.
