Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi və bütün yaş qrupları üzrə qadın milli komandalarının koordinatoru İoannis Diamantakos Yunanıstan Basketbol Məşqçiləri Assosiasiyasının (SEPK) saytına müsahibəsində məşqçilik karyerasındakı yeni çağırışdan, genişmiqyaslı inkişaf planından və qarşıdakı illərin perspektivlərindən danışıb.
Prosport.Az müsahibənin tam mətnini təqdim edir.
- Azərbaycan Basketbol Federasiyası ilə əməkdaşlığınız necə yarandı və ölkə xaricindəki bu yeni çağırışa şəxsən necə yanaşırsınız?
- Düzünü desəm, bu, gözlədiyim bir təklif deyildi. Əvvəlcə Federasiyanın baş direktoru Turqay Zeytingözlə əlaqə saxladıq, daha sonra həyata keçirmək istədikləri plan barədə bir neçə müzakirəmiz oldu. O, basketbolda böyük təcrübəyə malik və bu idman növünün Azərbaycanda inkişafına mühüm töhfə vermiş bir insandır. Son illərdə, xüsusilə kişi basketbolunda ciddi iş görülüb. Təxminən 12 il əvvəl vəziyyət tamamilə fərqli idi. Bu gün isə Basketbol Çempionlar Liqası və FIBA Avropa Kuboku kimi Avropa yarışlarında iştirak edən komandalar var. Qadın basketbolunda da tədricən oxşar addımlar atmaq istəyi mövcuddur: daha sabit və rəqabətli çempionat təşkil etmək, uzunmüddətli perspektivdə isə klubların Avropa yarışlarında iştirakına nail olmaq. Mənim üçün bir ölkəni təmsil etmək xüsusi məna daşıyır. Təklif gələndə Albaniyanın Tirana komandası ilə çalışırdım. Əməkdaşlığımız keçid mərhələsində idi və onun nə qədər davam edəcəyi hələ açıq qalırdı. Buna görə də mövcud vəziyyəti və perspektivləri qiymətləndirərək fəaliyyətimi Azərbaycanda davam etdirməyi seçdim.
- Deməli, söhbət konkret plana və uzunmüddətli perspektivə əsaslanan, tam iş vaxtını əhatə edən əməkdaşlıqdan gedir?
- Tamamilə doğrudur. Federasiya yalnız bu layihə ilə məşğul olacaq bir mütəxəssis axtarırdı. Çünki söhbət, əslində, başlanğıc mərhələsində olan bir proqramdan gedir. Biz yalnız 14 yaşadək kateqoriyadan başlamırıq. Təməli əvvəldən qurmaq üçün daha kiçik yaşlara — 12 yaşadək uşaqlara da yönəlirik. Konkret müddəti əhatə edən razılaşdırılmış əməkdaşlıq çərçivəmiz var. Ümumi plan isə daha uzunmüddətli perspektivə hesablanıb. Hədəflər iddialıdır, amma Federasiyanın əməkdaşlarından çox yaxşı dəstək görürük və səmərəli əməkdaşlıq edirik. Bu, xüsusilə vacibdir. Çünki belə mürəkkəb bir layihə yalnız bir məşqçinin işi üzərində qurula bilməz. Ortaq yanaşma, təşkilatlanma, ardıcıllıq və gündəlik əmək tələb olunur. İndiyədək görə bildiklərimə əsasən, Bakı çox gözəl şəhərdir. Burada inkişaf etmək istəyinin və güclü həvəsin olduğunu müşahidə edirəm. Əlbəttə, hamımız görüləcək işin böyük olduğunu və bir neçə ay ərzində tamamlana bilməyəcəyini anlayırıq. U14, U16, U18 və U20 yaş kateqoriyaları üzrə milli komandaların məşqləri hər gün keçirilir. Federasiyanın bu gündəlik fəaliyyəti təmin edə bilməsi mühüm ilk addımdır”.
- Milli komandalar üçün müəyyənləşdirilmiş əsas hədəflər hansılardır və inkişaf planının arxasında hansı yanaşma dayanır?
- Əsas məqsəd indiki U14 milli komandasının qarşıdakı beş il ərzində Azərbaycanı daha yüksək səviyyədə təmsil edə bilməsidir. Son hədəf isə B divizionundan yüksəlməkdir. Bu, səbr və sistemli iş tələb edən uzunmüddətli məqsəddir. Eyni zamanda, həm aşağı yaş qruplarında, həm də qadınlar səviyyəsində mövcud milli komandaları dəstəkləmək, onların iştirak etdikləri yarışlarda mümkün qədər rəqabətədavamlı çıxış etmələrinə kömək etmək istəyirik. Bununla belə, ən vacibi gələcək üçün möhkəm təməl yaratmaq və hər yarışı bir-birindən ayrı hadisə kimi dəyərləndirməməkdir. İnkişaf yalnız milli komandalarla məhdudlaşmır. Azərbaycanın böyük imkanlara malik olduğu 3x3 basketboluna da maraq var. Buna görə də söhbət çoxşaxəli plandan gedir. Ölkədə olan basketbolçuların potensialından yararlanmaqla yanaşı, ABŞ-də təhsil alan və çıxış edən qızları da izləmək istəyirik. Məqsəd qadın basketbolunun özünəməxsus kimliyini formalaşdırmaq, onu daha yaxşı təşkil etmək və qarşıdakı illərdə səviyyəsini tədricən yüksəltməkdir.
- Şəxsi baxımdan bu yeni təcrübəyə necə yanaşırsınız? Bu da məşqçilik yolunuza xüsusi bir səhifə əlavə edən növbəti çağırışdırmı?
- Məşqçinin karyerasında baş verənlərin hamısı əvvəlcədən tam şəkildə hazırlanmış planın nəticəsi olmur. İmkanlar mövcud şərait, əməkdaşlıqlar və hadisələrin gedişi fonunda yaranır. Onları qiymətləndirməyə hazır olmalısan. Bu, rəhbərlik etdiyim dördüncü milli komandadır. Deyə bilərəm ki, işimin bu istiqamətini həqiqətən sevirəm. Bu, yaradıcı fəaliyyətdir. Çünki səndən yalnız bir komandanı müəyyən yarışa hazırlamaq deyil, bütöv bir basketbol sisteminin qurulmasına töhfə vermək və davamı olacaq bir iş ortaya qoymaq gözlənilir. Livanda da oxşar işə başlamışdım, lakin şərait istədiyimiz kimi davam etməyimizə imkan vermədi. Buna baxmayaraq, müəyyən təməllərin qoyulduğunu düşünürəm. Fələstindəki təcrübəm də özünəməxsus və çətinliklərlə dolu idi. Hər belə əməkdaşlıq oyuna fərqli baxış bucağından yanaşmağa və hər ölkənin ehtiyaclarını daha yaxşı anlamağa kömək edir. Azərbaycan mənim üçün böyük maraqla yanaşdığım yeni bir çağırışdır. Hazırda xaricdə iş imkanı axtaran bir çox həmkarımın ağlına gələn ilk ölkə olmaya bilər. Amma inanıram ki, qarşıdakı illərdə bu dəyişə bilər. Əhəmiyyətli iş görmək üçün burada lazımi şərait, istək və maliyyə potensialı var. Əsas məsələ düzgün planlaşdırma aparmaq və mövcud imkanları real irəliləyişə çevirməkdir”.
- Ölkənin maliyyə potensialını qeyd etdiniz. Sizcə, bu amil basketbolun gələcək inkişafında həlledici rol oynaya bilərmi?
- Düzgün istifadə olunarsa, əlbəttə, kömək edə bilər. Böyük maliyyə imkanlarına və geniş azarkeş kütləsinə malik klublar var. Futbol isə artıq beynəlxalq səviyyədə güclü mövqe qazanıb. Bu potensial basketbol üçün də perspektivlər yaradır. Lakin təkcə pul kifayət etmir. Sistem, peşəkar bilik və təcrübə, bu idman növünü yaxşı tanıyan insanlar və prioritetləri aydın olan mütəşəkkil plan lazımdır. Xüsusilə qadın basketbolunda inkişaf təməldən — kiçik yaşlardan, gündəlik məşqlərdən və basketbolçuların inkişafına kömək edəcək mühitin yaradılmasından başlamalıdır. Məni nikbin edən bu istiqamətə sərmayə qoymaq və işləmək istəyən insanların olmasıdır. Ardıcıllıq və davamlılıq təmin edilərsə, Azərbaycanın gələcəkdə basketbol baxımından daha mühüm mərkəzə çevrilə biləcəyini düşünürəm”.
- Sizcə, bu layihənin davamlı olması və nəticə verməsi üçün ən vacib amil nədir?
- Ardıcıllıq və səbr. Bilməliyik ki, bir idman növü bir gündə inkişaf etmir. Gündəlik əmək, düzgün təşkilatlanma, plana inanan və onu uzun müddət dəstəkləyəcək insanlar lazımdır. Möhkəm təməl yarada, basketbolçulara lazımi bilik və bacarıqları qazandıra, aydın oyun üslubu formalaşdıra bilsək, çox mühüm addım atmış olarıq. Əlbəttə, məqsəd nəticə qazanmaqdır. Amma nəticələrin gəlməsi üçün əvvəlcə uyğun mühit yaradılmalıdır. Hazırda Azərbaycanda etməyə çalışdığımız da budur”.
