Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turnirində 66 kq çəki dərəcəsində bürünc medal qazanan Azərbaycan cüdoçusu Rəşad Yelkiyev Prosport.Az-a müsahibə verib.
– Aktau şəhərində keçirilən Asiya Açıq Turnirində bürünc medal qazandınız. Nəticəni necə dəyərləndirirsiniz?
– Yarışa çempion olmaq məqsədilə yollanmışdım, lakin nəticədə bürünc medalla kifayətləndim. Buna da şükür, əsas odur ki, medalsız qayıtmadım.
– Hər bir idmançı iştirak etdiyi yarışda qızıl medal qazanmağı hədəfləyir. Əldə etdiyiniz bürünc mükafat gələcək hazırlıqlarınıza necə təsir göstərəcək?
– Qazanılan hər bir medal, təbii ki, idmançı üçün böyük motivasiya mənbəyidir. Bu nəticə məni gələcək yarışlara daha da həvəslə hazırlaşmağa sövq edir. Qarşıdakı turnirlərdə əsas hədəfim qızıl medal qazanmaq olacaq.
– Komandanız turniri 14 medalla başa vurdu, lakin bunlardan yalnız biri qızıl oldu. Sizcə, ümumi nəticəni uğurlu saymaq olar?
– Mənim fikrimcə, bəli, uğurlu nəticə hesab etmək olar. Demək olar ki, hər çəki dərəcəsində medal qazandıq. Bu da komandanın ümumi çıxışının göstəricisidir. Əlbəttə, daha çox qızıl medal qazanmaq istərdik, amma əldə olunan nəticə də müsbətdir.
– Hazırda hansı idman klubunu təmsil edirsiniz?
– "Kanokan TT" idman klubunun üzvüyəm.
– Qarşıda sizi hansı yarışlar gözləyir və gələcək hədəfləriniz nədən ibarətdir?
– Növbəti dayanacaq Əbu-Dabidə keçiriləcək “Böyük Dəbilqə” turniridir. Qismət olsa, orada medal qazanaraq dünya reytinqində daha yüksək pillələrə qalxmaq istəyirəm. Bununla da digər mötəbər yarışlarda iştirak etmək imkanlarımı artırmağı, yeni uğurlar əldə etməyi və ölkəmizi layiqincə təmsil etməyi hədəfləyirəm.
– Bakıda keçirilən dünya çempionatında 60 kq çəki dərəcəsində Əhməd Yusifov qızıl medal qazandı və bu, həmin çəkidə DÇ-də ilk "qızıl"ımız oldu. Sizin çıxış etdiyiniz 66 kq çəkidə isə hələ dünya çempionatlarında medalımız yoxdur. Sizin də belə bir tarixi uğura imza atmaq planınız varmı?
– Əlbəttə, bu, hər bir idmançının ən böyük arzusudur. Mənim də əsas hədəflərimdən biri dünya çempionatında öz çəki dərəcəmdə medal qazanmaqdır. Bunun üçün əlimdən gələni edəcəyəm. İstəyirəm ki, gələcəkdə bu uğura imza ataraq ölkəmizi layiqincə təmsil edim və Azərbaycan cüdo tarixinə öz töhfəmi verim.
