"Hazırlığımız plan üzrə davam edir, artıq son mərhələyə yaxınlaşmışıq. Məqsədimiz futbolçuları oyunlara qədər hazır vəziyyətə gətirməkdir. Turnirin formatı yeni olduğu üçün rəqiblər haqqında kifayət qədər məlumatımız yoxdur. Əlimizdə olan məhdud məlumatlar üzərində işləyirik. Öz oyun planımıza sadiq qalmağı düşünürük".
Prosport.Az xəbər verir ki, bu sözləri FIFA U-15 dünya çempionatı və festivalında iştirak edəcək Azərbaycanın U-16 milli komandasının baş məşqçisi Famil Xəlilov Hövsan Yarış Kompleksində təşkil olunan açıq məşq zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məqsəd ilk növbədə Azərbaycanı layiqincə təmsil etmək, eyni zamanda futbolçuların inkişafına töhfə verməkdir: “Yaxşı çıxış edərək maksimum mübarizə aparmağı və ən yaxşı nəticələri göstərməyi hədəfləyirik”.
Xəlilov oyunların Bakıda keçirilməsinin komanda üçün əlavə motivasiya olacağını söyləyib: “Futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməyə çalışırlar və bu vəzifənin öhdəsindən gələcəklərinə inanıram. Turnirdə oyunların sayının çoxluğu və heyətin 14 futbolçudan ibarət olması səbəbindən yarana biləcək fiziki yorğunluq da olacaq. Oyun formatı tez-tez əvəzetmələrə imkan verəcək və bu amildən səmərəli istifadə etməyə çalışacağıq”.
Qeyd edək ki, Azərbaycan yığması turnirdə ilk oyununu oktyabrın 24-də “Kristal Zal”da Timor-Leste yığmasına qarşı keçirəcək. 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən gənc futbolçuları bir araya gətirəcək.
