"Arsenal" klubunun əfsanəvi baş məşqçisi, hazırda FIFA-nın futbolun qlobal inkişafı departamentinin rəhbəri olan Arsen Venger Bakıya səfər edə bilər.
Prosport.Az xəbər verir ki, beynəlxalq dərəcəli azərbaycanlı hakim-inspektor, keçmiş FIFA referisi Asim Xudiyev sosial şəbəkədə məşhur fransalı mütəxəssislə görüşü barədə paylaşım edib.
Xudiyev bildirib ki, oktyabrın 22-də İstanbuldan Bakıya uçuşdan əvvəl Vengerlə qarşılaşıb və onunla xatirə şəkli çəkdirib: "Bu gün İstanbuldan Bakıya uçuşdan əvvəl dünya şöhrətli, məşhur "Arsenal" futbol klubunun keçmiş baş məşqçisi Arsen Vengeri görməyə çox şad oldum. Onu yalnız televiziya ekranlarında görmək olurdu", - deyə o yazıb.
Azərbaycanlı hakim-inspektor Vengerin Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalında rəsmi qonaq kimi iştirak edə biləcəyini ehtimal edib.
O, həmçinin Bakı reysi ilə bir neçə xarici ölkənin futbol komandasının da Azərbaycana gəldiyini qeyd edərək, təşkilatçı AFFA-ya və U-15 millimizə uğurlar arzulayıb.
Qeyd edək ki, Arsen Venger FIFA-nın yeni U-15 turnirinin konsepsiyasının hazırlanmasında mühüm rol oynayıb. Fransalı mütəxəssis bu yarışın gənc futbolçulara beynəlxalq təcrübə qazandırmaq baxımından əhəmiyyətini dəfələrlə vurğulayıb.
Tarixdə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının oyunları oktyabrın 24-də Bakıda başlayacaq və yarış oktyabrın 30-da başa çatacaq.
Azərbaycan millisi ilk görüşünü oktyabrın 24-də saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığmasına qarşı keçirəcək.
Hələlik Arsen Vengerin turnirdə iştirakı rəsmi şəkildə təsdiqlənməyib.
