Kişi voleybolçuların Superliqasında 2026/2027 mövsümünə oktyabrın 23-də start veriləcək.
Prosport.Az xəbər verir ki, yeni adla təşkil olunan çempionatda I turun oyunları oktyabrın 23-24-də keçiriləcək.
Turun ilk günündə Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində 2 qarşılaşma baş tutacaq.
Saat 16:00-da "Azərreyl" və "Gənclər", 18:00-da isə "Murov Az Terminal" və "Ordu" komandaları qarşılaşacaqlar.
I turun son oyunu oktyabrın 24-də Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək. Saat 17:00-da "Xilasedici" və "Neftçi" komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, kişi voleybolçuların Superliqasında oyunlar dairəvi sistem üzrə, ev-səfər prinsipi ilə 2 dövrədə təşkil olunacaq.
2 dövrənin yekununda turnir cədvəlinin ilk 4 pilləsində qərarlaşacaq komandalar pley-off mərhələsində iştirak hüququ qazanacaqlar.
