Səbuhi Musa yazır...
Şuşa – Azərbaycan mədəniyyətinin beşiyi adlandırılan şəhər. Əvvəllər keçmiş Dağlıq Qarabağın Ağdərə rayonunun (indi Tərtərə tabedir) Talış və Suqovuşan kəndlərində olsam da, Qarabağın ürəyi adlandırılan bu şəhərdə olmaq qismət olmamışdı. Bu şəhərə ilk səfərim zəngin təəssüratlarla yadda qaldı. İndi isə onları qələmə almağın vaxtıdır.
Səfərimiz Şuşaya FIBA-nın Dünya Qadın Seriyasının 3x3 basketbolu üzrə Şuşa mərhələsinin oyunları ilə bağlı idi. İyunun 11-i Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə baş tutan səfər öncəsi hələ hava limanında Qurban Qurbanovu görüb təəccübləndik. "O hara, basketbol hara?" sualına cavab tapmazdan əvvəl təyyarəyə mindik.
Saat 11:15-də başlayan təyyarə uçuşu bizi düz yarım saata Füzuli hava limanına gətirib çıxardı. Qarabağ torpağı olan Füzulidə basketbolçular şəkil çəkdirdikdən sonra avtobuslarda yerimizi tutduq. 2 böyük avtobus və 1 miniven bizim yer aldığımız heyəti dilbər guşə olan Şuşaya çatdırmalı idi.
Bizim əyləşdiyimiz avtobusda media nümayəndələri ilə yanaşı sonradan yarımfinala kimi irəliləyən Macarıstan millisinin və Yaponiyanın "G FLOW.EXE" komandasının üzvləri, eləcə də millimizin və "Neftçi"nin üzvü Aleksandra Molenhauer və valideynləri yer almışdı. Ancaq səfər planlaşdırılan kimi baş tutmadı. Belə ki, düz 4 dəfə məcburi dayanma etməli olduq.
İlk dəfə Şuşada sonuncu günü keçirilən velotur yarışına görə avtobuslarımız dayanmaq məcburiyyətində qaldı. Bununla belə, heç kim fürsəti boşa vermədi və Qarabağ ərazisindəki arxa fonu gözəl təpələrlə əhatələnmiş mənzərə önündə şəkillər çəkdirdi. 30-40 dəqiqəlik fasilədən sonra yenidən yola düşdük.
Budur, Şuşanın füsunkar təbiəti görünür. Dolanbac yollar gəlir. Hər yolundan keçəndə o müharibə anları gözlər önünə gəlir. Bir qədər irəlilədikcə, hərbçilərimizin bizim bu torpaqlara ayaq basmağımız üçün çəkdiyi məşəqqətli günləri daha da anlamağa başlayırıq. Bu torpaqlar neçə-neçə hərbçilərin qanına şahidlik edib. Bu torpaqlarda o qanlar tökülüb ki, biz öz dədə-baba yurdumuz olan Şuşaya belə rahat ayaq basaq...
Ancaq rahat ayaq basmaq o qədər də asan başa gəlmir. Belə ki, məlumat gəlir ki, dayanmalıyıq. Çünki arxadakı avtobusda nasazlıq yaranıb və biz onları gözləməliyik. Yenə düşürük, bizi müşayiət edən DYP zabiti ilə söhbət edirik. O bildirir ki, bu yollar çox təhlükəlidir və burada əyləc sistemindən az yararlanmaq məsləhətdir. Güclü şimşək çaxır. Yağış başlayır, ancaq bizi qarşıda nəyin gözlədiyindən xəbərsizik.
İdmançı heyətinin çox hissəsinin yer aldığı 2-ci avtobus nəhayət gəlir və yola yenidən davam edirik. Ancaq yağmur doluya çevrilir və avtobusu döyəcləməyə başlayır. Məcburiyyətdən tunellərdən birində sürücülər avtobusları saxlamalı olur. Çünki belə dolu həm avtobusa zərər vura, həm də avtobusun pəncərələrindən içəri su daxil olmasına səbəb ola bilər. Təəccüblənirəm: görəsən, mən getdiyim ezamiyyətlərdə niyə belə güclü yağışlar yağır (ötən ay Naxçıvanda eyni halla üzləşmişdim)? Arxa oturacaqlarda əyləşmiş yaponlar da belə hava şəraiti qarşısında təəccüblərini gizlətmirlər.
Nəhayət, yağmur dayanır və yola davam edirik. Ancaq sən saydığını say, gör fələk nə sayır... 4-cü dəfə məcburi dayanma edirik. Bu dəfə nasazlıq bizim avtobusda yaranır, gedə bilmir. Ancaq görünür Şuşanın girişinə az qalmış yerə düşüb buraya ayaq basmağımız da Allahın bizə verdiyi bir güzəşt imiş. Düşürük yerə. Sən demə, bura Daşaltı kəndinin düz yanı imiş. 50 metr qabaqda həmin kənddir. Yolun sol tərəfindəki kiçik evlərdə isə hərbçilərimiz məskunlaşıb. Onlarla da bir az söhbət etmək imkanı əldə edirik. Yapon idmançılar isə bu mənzərə qarşısında çoxlu şəkillər çəkdirirlər. Onlara hətta kənddəki qaz və ördəklərin səsləri də maraqlı gəlir və bunu deyə gülə-gülə lentə alırlar.
Həmçinin, bayaq yağan doludan qalan buzları görürük. Doğrudan da Allah istinin cırhacırında belə, buz yağdırmağa qadirdir. Nəhayət, bizi götürməyə gələn minivenə minib Daşaltı ilə vidalaşırıq.
Şuşa şəhərinə daxil olmamış sıldırım qayaları görürük və bir daha əsgərlərimizin bu torpağı işğaldan azad etməsi üçün çəkdiyi əziyyətləri dərk edirik. Artəq Şuşa şəhərindəyik. Şəhərdə az sayda da olsa, insanları görürük. Bunlar insanlarımızın gələcəkdə burada məskunlaşması üçün çalışan dövlət işçiləridir. Onlar ailələrindən uzaqda burada xidmət edirlər. Ki, tezliklə burada da məskunlaşma başlasın.
"Xarıbülbül" hotelinə gəlirik. Bura əvvəl sanatoriya olub. Bizə deyilir ki, hotelin nəzdində olan hosteldə qalacağıq. Şəxsiyyət vəsiqələrimizi təqdim edib keçirik hostelə. Füzulidən Şuşaya təxminən 2 saatlıq yol bizə 4,5 saata başa gəlib. Az sonra nahar/axşam yeməyi olmalıdır. Bakıda heç də az məşhur olmayan "Qoç Ət" restoranında yeməyimizi yeyirik və yüngül gəzintiyə çıxırıq. Çünki sabah yarışla bağlı vaxtımız olmayacaq. Həm də yarış yerini öyrənmək lazımdır.
Yarış yeri Şuşa qalasının düz yanındadır. Yağışdan sonra təşkilatçıların işi daha da çoxalıb. Bizim işimiz isə sabahdır deyə gəzintimizə davam edirik. Hamının şəkil çəkdirdiyi Şuşa sözünün yazıldığı qala qapısının yanına gəlirik. Biz də şəkil çəkdiririk və istər-istəməz ürəkdə Cıdır düzünü və xüsusən oradan Xankəndiyə boylanmaq həvəsi keçir. Amma saat 21:00-dan Şuşada karantin tətbiq olunduğundan, o vaxtadək geri qayıtmalıyıq. Dabanımıza tüpürüb yoxuşla irəliləyirik. Yolüstü qarşımıza Yuxarı Gövhərağa məscidi çıxır. Artıq həmin gün Qurban Qurbanovun orada namaz qıldığı görüntüləri yayılıb.
Karantinə görə hündürdə yerləşən Cıdır düzünə qalxmaq və tez oradan qayıtmaq lazımdır. Gedib görürük. Hərbçilərimizin bu sıldırım qayanı necə dəf etməsinə bir daha təəccüblə yanaşırıq. Vaxtımız var. Yolüstü Qarabağ xanı İbrahimxəlil xanın baş vəziri Molla Pənah Vaqifin türbəsinə də baş çəkirik. Düzdür, mən fürsət tapıb XIX əsr yadigarı olan Yuxarı Gövhər ağa məscidinə də daxil oluram. Kim bilir, bir də nə vaxt bura qayıdacağam. Hətta yolüstü "Araz" marketinə baş çəkib, yüngülvarı alış-veriş də edirik. Təmiz əldən düşmüşük. Artıq ayaqlar hostelə gedən yoxuşu qalmaqda acizdir. Amma yolüstü keçib gedən "Azərişığ"a məxsus avtobusun sürücüsü maşını saxlayıb bizi hostelin qaldığı yerdə düşürür. İlk gün beləcə başa çatır.
Digər günləri qısaca keçəcəm. Yarışa gəlirik, yerimizi tuturuq və oyuna baxırıq. İlk dövrənin oyunlarından sonra Qurban Qurbanov və gənclər və idman naziri Fərid Qayıbovdan müsahibə götürürük. Qurbanov Basketbol Federasiyasının prezidenti Emin Əmrullayevin şəxsi dəvəti ilə bura gəldiyini və basketbola marağının olduğunu bildirir. Fərid Qayıbov isə Kazbek Tuayev məsələsinə toxunur. Onun sözlərindən belə aydın olur ki, nazir müavini Mariana Vasilyevanın həyat yoldaşı Kamen Vasilyevin təyinatı sadəcə söz-söhbətdir. Mən isə Mövlud Mirəliyevin Göygöl Olimpiya İdman Kompleksindən ayrılması ilə bağlı sual verirəm və nazir təsdiqləyir ki, bəli, Mirəliyev yeni işinə keçdiyindən, bu vəzifəsindən ayrılacaq.
Basketbola gəlincə, gözlənildiyi kimi, Astarada olduğu kimi, millimiz zəif çıxış edərək qrupda qalır. 2 milli üzvünün yer aldığı "Neftçi" isə gözləniləndən də yaxşı oynayaraq finala çıxır. Düzdür, final güclü yağış nəticəsində çox gec start götürməli olur, tamaşaçıların hamısı daldalanmağa yer axtarır. Ancaq gec olsun, güc olsun. Sonda "Neftçi" güclü Niderland millisini məğlub edərək 3x3 basketbolunun tarixində qalib gələn ilk klub kimi tarixə düşdü. Günə "Neftçi"nin amerikalı idmançılarının yallı getməsi və Azərbaycan rəqslərini oynaması ilə yekun vururuq.
Bir gün sonra səhər saat 5-də isə Şuşanı tərk etməliyik. Bu dəfə 3 avtobusla. Və bu dəfə gözəl diyardan heç bir problem olmadan ayrılırıq. Şuşaya yenidən qayıtmaq diləyiylə...

