2024-cü ilin ilk rübündə Azərbaycanda yeni nazirlik yaradılacaq.
Bakupost.az-ın əldə etdiyi məlumata görə, yeni nazirlik Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin bazasında yaradılacaq.
Belə ki, bu iki nazirlik vahid qurumda birləşdiriləcək. Yeni nazirliyə kimin rəhbərlik edəcəyinə gəlincə, məlumatlı mənbə onun nə hazırkı mədəniyyət naziri Adil Kərimli, nə də gənclər və idman naziri Fərid Qayıbov olmayacağını bildirib. Mənbənin sözlərinə görə, nazirliyin 1-ci şəxsi surpriz isim olacaq.
Bununla belə, hazırkı nazirlər də işsiz qalmayacaq. Yeni strukturda həm Adil Kərimli, həm də Fərid Qayıbov nazir müavini postunu tutacaq. Gənclər və İdman nazirinın hazırkı müavinlərindən Fərhad Hacıyevin də nazir müavini kimi postunu saxlayacağı bildirilir. Müvafiq olaraq, A.Kərimli mədəniyyət, Fərid Qayıbov idman, Fərhad Hacıyev isə gənclər sahələri üzrə fəaliyyətlərini davam etdirəcək.
Bu isə o deməkdir ki, Fərid Qayıbovun idman üzrə müavini Mariana Vasilyeva və gənclərlə iş üzrə müavini İndira Hacıyeva vəzifələrindən uzaqlaşdırılacaq. Həmçinin, bu, Anar Ələkbərovun prezidenti olduğu Azərbaycan Avtomobil Federasiyasında İdarə Heyətinin də üzvü olan Adil Kərimlinin indiki müavinlərinə – Səadət Yusifovaya, Fərid Cəfərova və Murad Hüseynova da aiddir.
Bəs yeni nazir kim olacaq? Prosport.Az bununla bağlı məlumat əldə edə bilib. Əldə etdiyimiz məlumata görə, bu posta 2 namizəd var. Bunlardan biri adını dəqiqləşdirə bilmədiyimiz millət vəkilidir. Bu posta digər namizəd isə Fərid Qayıbovdan əvvəl gənclər və idman naziri postuna namizəd kimi adı çəkilən Elxan Məmmədovdur. AFFA-nın sabiq baş katibi, hazırkı vitse-prezidenti artıq ötən ilin aprelində təyin olunduğu FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsindən ayrılmaq niyyətindədir. E.Məmmədovun AFFA prezidentliyinə namizədlikdən adının çıxarılması məhz bu səbəbdəndir.
Əgər Elxan Məmmədov nazir postuna təyin olunsa, hazırda nazirliyin İdman şöbəsinin müdiri işləyən Elnur Məmmədov nazirlikdən uzaqlaşdırılacaq. Çünki hər iki tərəfin bir-birini görməyə gözü yoxdur. Elnur Məmmədov hər zaman "Neftçi"dən ayrılmasında Elxan Məmmədovu suçlayır.
O ki qaldı nazirliyə, qurumun Gənclər, İdman və Mədəniyyət Nazirliyi adlandırılması gözlənilir. 30 yanvar 2006-cı ilədək nazirliyin Gənclər, İdman və Turizm Nazirliyi adlandırılması heç kimə sirr deyil. Daha sonra turizm Mədəniyyət Nazirliyinin balansına verilmişdi.
Gənclər və İdman Nazirliyi və Mədəniyyət nazirliyinin birləşdirilməsinin əsas səbəbi isə gənclər üzrə işlərin və mədəniyyət sahələrinin bir-birinə çox yaxın olmasıdır. Nazirliyin gənclər üzrə təşkil etdiyi işlər, mədəni, kütləvi konsert tədbirləri mədəniyyət sferasına toxunduğundan, bu cür qərar qəbul ediləcək.
Kənan