"Həndbol yoxdur, dağılıb".
Bu sözləri Prosport.Az saytına açıqlamasında Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri İsgəndər Əsgərov deyib.
Onun sözlərinə görə, çempionat yarımçıq dayandırıldığından, avrokuboklarda iştirak etməyə yeganə klub Mingəçevirin "Kür" komandasıdır: "Əslində çempionatda tutulan yerə uyğun komandalarımız avrokuboklarda iştirak etməli idi. Lakin "Kür" komandasından başqa, digər klublar çempionat keçirilmədiyindən, dağılıb. "Kür"ün həm kişi, həm də qadın komandasının avrokuboklarda iştirakı üçün Gənclər və İdman Nazirliyi Avropa Həndbol Federasiyasına müraciət edib".
İsgəndər Əsgərov daha sonra həndbolda olan acınacaqlı durumdan danışıb: "Aya 18 min manat icarə haqqı ödənilən "AHF Arena" əlimizdən alınıb. Məşq keçməyə belə, yerimiz yoxdur. 2016-cı ildən Saleh Məmmədov federasiya prezidenti oldu, ancaq bir dəfə də federasiyaya məxsus arena olmadı. Cüdo Federasiyasına baxın, gündə bir zal açırlar.
Saleh Məmmədov dövlət vəzifəsindən çıxdıqdan dərhal sonra bildirdi ki, mən həndbola baxmayacağam. Ona görə də neçə-neçə cavan həndbolçular məşqsiz qalıb. Bir ara Vüsal Nəsirlinin onun yerinə prezident seçiləcəyi deyilirdi. İndi onun da adı çəkilmir. Məşqçi və idmançılar ölkə başçısına federasiyadakı durumla bağlı məktub yazıb. Oradan da nazirliyə bu məsələnin yoluna qoyulması tapşırılıb. Ancaq indi nazirlikdən də bizə "hələ gözləyin" deyirlər. Həndbol üzrə olimpiya çempionumuz Lyudmila Şubina Milli Olimpiya Komitəsinin fərdi üzvü olsa da, onun da bizə köməyi dəymir.
Baş katib Yusif Atakişiyev və vitse-prezident Orxan Abbasov Saleh Məmmədovun vaxtında təyin olunub. Orxan Abbasov ümumiyyətlə həndbola aidiyyatı olmayan şəxs idi. Ancaq bütün səfərlər zamanı ön sıralarda olurdu. İndi isə onu tapmaq mümkün deyil. Yusif Atakişiyev isə arada ofisə baş çəkir.
Ümumiyyətlə, mənim fikrimcə, federasiya prezidenti qonşu ölkələrdə olduğu kimi idman adamı olmalıdır. Hansısa imkanlı şəxs isə sadəcə sponsor kimi fəaliyyət göstərməlidir. Əks halda, Saleh Məmmədov kimi rəhbərlər həndboldan başı çıxmayan şəxsləri təyin edir, onlar da istədiklərini edir".
Qeyd edək ki, 68 yaşlı Saleh Məmmədov fevralın 6-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədri vəzifəsindən azad olunub. Məhz bundan sonra Azərbaycan Həndbol Federasiyası maliyyə problemləri ilə üzləşib.

