Nihad Muyakiçin “Qarabağ”a transferi baş tutmayıb.
Prosport.Az xəbər verir ki, Bosniya və Herseqovina millisinin müdafiəçisi karyerasını Türkiyədə davam etdirməyə qərar verib.
27 yaşlı futbolçu “Ərzurumspor”a keçib. Dünən tərəflər 3 illik müqavilə bağlayıb. Türkyə klubu müdafiəçi üçün “Partizan”a 400 min avro ödəyib.
Muyakiç son mövsümü icarə əsasında Türkiyədə keçirib. O, əvvəlcə “Eyüpspor”, daha sonra isə “Qaziantep”in formasını geyinsə də, hər iki klub müdafiəçinin transfer hüquqlarını almaqdan imtina edib. Bunun ardından futbolçu yenidən Serbiyaya qayıtmışdı.
Mərkəz müdafiəçisi 2024-cü ildə Türkiyənin “Ankaragücü” klubundan “Partizan”a transfer olunmuşdu. O, Belqrad təmsilçisinin heyətində ümumilikdə 34 rəsmi oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Muyakiç karyerası ərzində Bosniyanın “Sarayevo”, Belçikanın “Kortrik” və “Beveren”, Xorvatiyanın “Hayduk” (Split), Türkiyənin “Ankaragücü”, “Eyüpspor” və “Qaziantep” klublarında da çıxış edib.

