Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III tura start verilib.
Prosport.Az xəbər verir ki, açılış oyununda “Turan” doğma meydanda “Naxçıvan”ı qəbul edib.
Tovuz Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Son çempion ilk setdə 25:14, 2-ci setdə 25:18, 3-cü setdə isə 25:20 hesabı ilə üstün olub.
Beləliklə, Tovuz təmsilçisi mövsümdə doğma meydanda ilk qələbəsini qazanıb və məğlubiyyətsiz seriyasını davam etdirib.
III turun növbəti qarşılaşması noyabrın 19-da keçiriləcək. Həmin gün saat 16:00-da UNEC öz idman zalında “Azərmaş Abşeron”u qəbul edəcək.
Noyabrın 20-də saat 16:00-da “Azərreyl” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “DH Volley” ilə üz-üzə gələcək.
Tura noyabrın 21-də yekun vurulacaq. Son qarşılaşmada “Murov Az Terminal” doğma meydanda “Gəncə”ni qəbul edəcək. Görüş saat 14:00-da başlayacaq.
