"Bugünkü oyun haqqında nə deyə bilərəm? Düşünürəm ki, çox danışmağa ehtiyac yoxdur. “Sabah” bizdən daha yaxşı oynadı".
Prosport.Az xəbər verir ki, bu sözləri “Neftçi” komandasının baş məşqçisi Konstantinos Vasiliadis Azərbaycan Basketbol Liqasının VII turunda "Sabah"a 78:93 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Yunanıstanlı mütəxəssis bildirib ki, oyunçuları bu qədər yüksək intensivlikdə keçən oyuna hazır deyildilər: "Biz pis oynadıq, çoxlu səhvlərə yol verdik və bir çox boş mövqedən atışları dəqiq yerinə yetirə bilmədik. 3-cü hissədə hesab fərqini 7 xala endirdiyimiz zaman 2 əlverişli mövqedən üçxallıq atışı qaçırdıq və ardınca 2 sadə ötürmə səhvinə yol verdik.
Gördüyünüz kimi, oyun ərzində hesab fərqi əsasən 7, 9, 10 xal civarında idi və biz daim oyuna qayıtmaq imkanına malik idik. Lakin oyuna 100 faiz hazır deyilsənsə, qalib gəlmək mümkün deyil".
Baş məşqçinin sözlərinə görə, indi Riqada keçiriləcək oyuna hazırlaşmaq üçün 3 günləri var: "Bundan sonra isə “Naxçıvan”la qarşılaşacağıq. Bu oyun bizim üçün çox vacibdir. Qarşıdakı müddətdə özümüzü daha yaxşı hazırlamalı, həm Avropa Kubokunda, həm də ölkə çempionatında yenidən qələbələr qazanmalıyıq".
