Kişi voleybolu üzrə son Azərbaycan çempionu "Xilasedici" gələn həftə – noyabrın 3-də Bakıda CEV XTB Çempionlar Liqasında debüt edəcək. Rəqib Portuqaliyanın məşhur "Sportinq" komandası olacaq.
Matçdan öncə "Xilasedici"nin baş məşqçisi Cəlil Cəlilov Prosport.Az-a müsahibə verib.
– Çempionlar Liqası öncəsi çempionata 2 qələbə ilə başlamaq komandaya xüsusi motivasiya verir?
– Bizim üçün çempionata başlamaq gözlənilməz oldu. Çünki biz mövsümdə ilk rəsmi oyunumuzu Çempionlar Liqasında edəcəyimizi gözləyirdik. Təbii ki, ölkə çempionatı ilə bağlı federasiyanın qoyduğu qaydalara hər kəs kimi biz də riayət etməliyik. 3:1 qalib gəlsək də, "Neftçi" ilə oyun ağır keçdi. Düzdür, Türkiyə İzmir şəhərində yoxlama oyunları keçirdik. 5 matça çıxdıq. Bu bizim üçün əla təcrübə oldu. Çempionatda da "Neftçi" və "Azərreyl" üzərindəki qələbələrdən sonra "Sportinq"lə oyunlara fokuslanmışıq.
– "Sportinq" barədə nə demək olar?
– Demək olar ki, onların bir neçə oyununu internet vasitəsilə izləmişik. Analizlər statistik tərəfindən hazırlanıb, mən tərəfdən baxılıb. Onlar çempionatda və Kubokda oyunlar keçirib. Yetərincə, güclü komandadır. Heyətlərində rusiyalı toppaylayıcı Sergey Qrankinin 41 yaşı olsa da, olimpiya çempionu və təcrübəli voleybolçudur. Venesuela yığmasının 3 voleybolçusu onlarda oynayır. Çimərlik voleybolundan tanınan kubalı diaqonal oyunçusu Xorxe Alayo da bu komandada çıxış edir. Əlimizdən gələn hər şeyi edəcəyik ki, qələbə qazanaq.
– "Sportinq" futbol, futzal, basketbolda da güclü komanda sayılır. Voleybolda bəs necə komandadırlar?
– Sizin sözlərinizə qoşuluram. Köklü klubdur. Demək olar ki, bütün idman növlərində komandaları var. Çox məsələlərdə bizdən öndədirlər. Amma bizim də adımız "Xilasedici"dir. Hər şey etməyə qadirik. Bizdən sürpriz gözləyin. "Sportinq"lə ilk oyunumuz Hövsanda 3 noyabrda olacaq. Həmin gün klubumuzun rəhbəri Cəbrayıl Xanlarovun (fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinidir – red.) da ad günüdür. Ona görə də qələbə ilə onu sevindirmək istəyirik.
– Mərhələ keçilsə, rəqibin kim olma ehtimalı var?
– İnşallah, "Sportinq"i keçsək, növbəti rəqib, böyük ehtimalla, Sloveniyanın "ACH Volley" komandası olacaq. Onların Niderlandın "Orion Stars" komandasına qalib gələcəyi şübhə doğurmur, Sloveniya millisinin üzvləri burada çıxış edir. Əgər uduzsaq, CEV Kubokunda Almaniya komandası ilə görüşəcəyik. 3 ildir ki, yaradılan klub olduğumuzu nəzərə alsaq, bizim üçün Çempionlar Liqasında iştirak bir ilkdir. Əlimizdən gələn hər şeyi edəcəyik ki, doğma ölkəmizi və klubun məxsus olduğu Fövqəladə Hallar Nazirliyini layiqincə təmsil edək.
Səbuhi Musa
