“Sumqayıt” basketbol komandasının baş məşqçisi Uğur Özdəmir Azərbaycan Basketbol Liqasının beşinci turunda “Sabah”a qarşı keçirilən görüşdən sonra hakimlərin idarəçiliyindən narazılığını ifadə edib.
Prosport.Az xəbər verir ki, mütəxəssis Bakı təmsilçisinin 100:85 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmanı şərh edib.
“Nəticəyə baxmayaraq, oyunun müəyyən hissələrində yaxşı təsir bağışladıq. Komandamızın yeni formalaşdığını nəzərə alsaq, belə bir rəqibə qarşı pis oynamadıq. Məğlubiyyətimizin əsas səbəbi rəqibin sürətli əks-hücumlarda qazandığı 28 xal oldu. Bu da hələ tam formalaşmış komanda olmamağımızla bağlıdır”, - deyə Özdəmir bildirib.
Baş məşqçi hakim qərarlarının da qarşılaşmanın nəticəsinə təsir göstərdiyini vurğulayıb:
“Məğlubiyyətin səbəblərindən biri kimi hakimlərin səhv qərarlarını göstərə bilərəm. Onlar eyni qayda pozuntularını fərqli şəkildə qiymətləndirirdilər. Əlbəttə, öz səhvlərimizi də təhlil edəcəyik. Daha yaxşı oynaya bilərdik, lakin hakimlər rəqibə qarşı daha güzəştli davranırdılar. Bununla bağlı etirazlarımı onların özlərinə də bildirdim”.
Qeyd edək ki, keçirdiyi beş qarşılaşmadan birində qələbə qazanan “Sumqayıt” dörd dəfə məğlub olub. “Sabah” isə dörd oyundan üçündə qalib gəlib.
