Azərbaycan Premyer Liqasının X turunda səfərdə “Şamaxı”nı 3:2 hesabı ilə məğlub edən “Neftçi”nin baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında iştirak edib.
Prosport.Az xəbər verir ki, ukraynalı mütəxəssis qarşılaşma haqqında fikirlərini bölüşüb.
– Məncə, matç heç də pis alınmadı, əksinə, olduqca intensiv mübarizə şəraitində keçdi. Oyun ərzində həm hücum, həm də müdafiə fazalarında çoxlu dəyişikliklər baş verdi. Biz əvvəlcədən bilirdik ki, “Şamaxı” asan rəqib deyil və məhz buna görə də turnir cədvəlində layiq olduqları yerdədirlər. Bilirdik ki, 3 xalı qazanmaq üçün maksimum çalışmalıyıq. Xüsusilə qeyd etməliyəm ki, matçın ilk 5-7 dəqiqəsi ərzində “Şamaxı” çox təhlükəli hücumlar qurdu və yaratdıqları fürsətlər kifayət qədər yaxşı idi. Ondan sonra özümüzü toparladıq. Standart vəziyyətdən qol vurduq, lakin buna baxmayaraq, matçın 24-cü dəqiqəsində qol buraxdıq və rəqib tarazlığı bərpa etdi. Fasiləyə heç-heçə ilə ayrıldıq. Paltardəyişmə otağında futbolçularımla söhbətimiz oldu. Onlara oyunun intensivliyini və təzyiqi artırmağın vacibliyini bildirdim, çünki heç bir halda burada xal itirə bilməzdik. Görünən odur ki, oyunçularım bunu başa düşdülər. 2-ci hissədə komandanın sərgilədiyi oyun mənim çox xoşuma gəldi. Bu yarıda rəqibin demək olar ki, real qol imkanları olmadı. Buna baxmayaraq, “Şamaxı” əks-hücumların birində yenə fərqlənməyi bacardı. Buraxılan həmin qoldan sonra dərhal taktiki dəyişikliklərə əl atdıq və etdiyimiz əvəzləmələr öz bəhrəsini verdi. Həmin gedişlər işə yaradı və Adeleke Akinyemi komandamızın üçüncü qolunu vurdu. Bir məqamı da xüsusi qeyd etməliyəm ki, Şamaxıda oynamaq həqiqətən də çətindir. Çünki bura orta dağlıq ərazidir və futbolçularım da matç zamanı sanki oksigen çatışmazlığı hiss etdiklərini bildirirdilər. Müəyyən mənada normal haldır. Amma ən əsası odur ki, çətinliklərə sinə gərərək qalib gəldik və yolumuza davam edirik. Sonda isə azarkeşlərimizə böyük minnətdarlığımı bildirirəm. Onlar bizi matç boyu inanılmaz şəkildə dəstəklədilər. Biz buna görə onlara çox təşəkkür edir və qarşılarında baş əyirəm. Belə sadiq azarkeşlərin dəstəyi ilə oyunumuz daha da yaxşı alınır.
