"Ötən avrokubok matçını əlavə vaxtda uduzmuşduq. Bu dəfə isə əksinə, qələbə qazana bildik".
Prosport.Az xəbər verir ki, bu sözləri "LANDAU Layns" klubunun baş məşqçisi Ərhan Tokər FIBA Avropa Kubokunun G qrupunun IV turunda Türkiyənin "Dənizli Basket" kollektivinə 94:86 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Türkiyəli mütəxəssis matça Gediminas Orelikin mümkün yoxluğu fonunda hazırlaşdıqlarını bildirib: "Sonda o da fədakarlıq edərək, ayağı tam hazır olmadığı halda oynamaq istədi. Çünki hər bir halda qələbə qazanmaq istəyirdik.Rəqib də çox yaxşı komanda idi. Matçın çətin keçəcəyi bəlli idi. Qələbə qazanmaq üçün ekstra yaxşı oynamalı idik. Həqiqətən də yaxşı hücum potensialımız var. Bu dəfə müdafiədə də yaxşı oynadıq və məhz buna görə qalib gəldik. Əks halda, qarşımızda çox güclü oyunçular var idi. Mənim basketbolçularım da öz səviyyələrini sınamaq istəyirdilər. Bu barədə əvvəlcədən danışmışdıq. Doğma meydanda oynamağımızın da qələbədə rolu oldu".
O, zədəsinə baxmayaraq fədakarlıq edərək oynayan Gediminas Orelikə və digər bütün oyunçularına təşəkkür edib: "İlk qələbəmizi qazandığımız üçün çox sevincliyik. Avropada ardıcıl məğlubiyyətlərin təzyiqini də hiss edirdik. Bu qələbə məhz vaxtında gəldi. Həm liqada, həm də Avropada yolumuza ən yaxşı şəkildə davam etməyi hədəfləyirik".
