“Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasında Bakıda “Dinamo Zaqreb”ə məğlub olduğu oyundan sonra komandanın baş məşqçisi Rəşad Sadiqov jurnalistlərin suallarını cavablayıb.
Prosport.Az-ın əməkdaşının da iştirik etdiyi müsahibəni təqdim edirik:
– Oyunla bağlı fikirləriniz nələrdir?
– “Dinamo” həqiqətən də güclü və mübariz komandadır. Avropanın tanınmış akademiyalarından birinə sahibdirlər. Buna baxmayaraq, mənə elə gəlir ki, ötən mövsümlə müqayisədə komandamız bu il daha yaxşı təsir bağışlayır. Futbolçularımız daha təcrübəli görünür, meydanda yaxşı mübarizə aparır, qol vurmağı bacarırlar. Sadəcə, bəzi boşluqlar verdik. Hakim qərarları ilə bağlı da narazılığımız oldu. Buna baxmayaraq, uşaqların nümayiş etdirdiyi oyundan razı qaldım.
– Komandanız bundan əvvəl də Avropanın güclü rəqiblərinə qarşı mübarizə aparıb. Bu təcrübə növbəti oyunlar üçün əlavə motivasiya yaradırmı?
– Əlbəttə. Ötən mövsüm UEFA Gənclər Liqasında çıxış edəndə rəqiblərimizdən yaş baxımından geri qalırdıq. Onların heyətində əsasən 2006 və 2007-ci il təvəllüdlü futbolçular yer alırdı. Biz isə 2008, 2009, hətta 2010-cu il təvəllüdlü oyunçulara da şans verirdik.
Düşünürəm ki, həmin təcrübə futbolçularımızın inkişafına ciddi təsir göstərib. Bu gün Avropanın güclü komandalarına qarşı qorxmadan oynayır, hücumlar qurur və qol imkanları yaradırıq. Bu da uşaqların inkişaf etdiyini göstərir. Hesabdan asılı olmayaraq, komandamızın belə rəqiblərlə mübarizə aparmaq gücü var.
– Komandanın ikinci hissədə fiziki cəhətdən zəiflədiyi hiss olunurdu. Bunun əsas səbəbi yorğunluq idi?
– Bunun bir neçə səbəbi var. İlk növbədə, fiziki durum önəmlidir. Bu oyundan cəmi üç gün əvvəl çempionat çərçivəsində əsas rəqiblərimizdən biri olan “Sabah”la qarşılaşmışdıq. Eyni heyətlə qısa müddət ərzində yenidən belə çətin oyuna çıxmaq futbolçular üçün yorucudur.
Viktorun əvəzlənməsi də bununla bağlı idi. Onun ayağında problem yaranmışdı. Oyunun sonlarına yaxın kapitanımızın da ayağında ağrılar hiss olunurdu.
Bundan əlavə, futbolçularımızın təhsil qrafiki də sıxdır. Bəziləri dərsdən ac çıxıb birbaşa məşqə gəlir, digərlərinin isə fərqli məşq və dərs saatları var. Bütün bunlara baxmayaraq, uşaqlara təşəkkür edirəm. Belə şəraitdə meydana çıxıb bu cür mübarizə aparmaları böyük nailiyyətdir.
İlk hissədə fiziki baxımdan daha yaxşı idik və hücumlarımız daha effektiv alınırdı. İkinci hissədə isə yorğunluq özünü göstərdi.
– Bəs ölkə çempionatının tempi ilə Avropa səviyyəsindəki oyunların tempi arasında fərq nə dərəcədə böyükdür?
– Fərq kifayət qədər böyükdür. Çempionatda, demək olar ki, iki mövsümdür eyni heyətlə çıxış edirik və əksər rəqiblərə qarşı oyuna nəzarət edərək, daha çox hücum edirik.
Avropada isə vəziyyət fərqlidir. Burada həm sən hücum etmək istəyirsən, həm də rəqib daim təzyiq göstərir və yüksək intensivliklə oynayır. Qarşımızda güclü akademiyaların komandaları dayanır.
“Dinamo”nun da yüksək səviyyəli rəqib olduğunu nəzərə almaq lazımdır. Belə komandaya qarşı mübarizə aparmaq futbolçularımız üçün çox vacib təcrübədir. Bu səviyyədə oyunlar onların inkişafına kömək edir.
– Qapıçı Bilalın çıxışını necə qiymətləndirirsiniz? O, bəzi epizodlarda komandanı çətin vəziyyətdən çıxardı.
– Məncə, qapıçımız yaxşı çıxış etdi. Onun cəmi 2010-cu il təvəllüdlü olduğunu nəzərə almaq lazımdır. Komandamızda 2007, 2008 və 2009-cu il təvəllüdlü futbolçular olsa da, Bilal və digər gənclər daha yaşlı rəqiblərə qarşı oynayırlar.
2010-cu il təvəllüdlü üç futbolçunun belə qarşılaşmada meydana çıxması özü də əhəmiyyətlidir. Onlar pis oynamadılar, əksinə, yaxşı performans göstərdilər. Bilalın çıxışından da razı qaldım.
– Cavab oyunundan gözləntiləriniz nələrdir?
– Çalışacağıq ki, cavab matçına daha yaxşı hazırlaşaq. İki gün sonra çempionat oyunumuz var. Bu görüşün təxirə salınması üçün müraciət etməyi düşünürük. Çünki çempionat matçından sonra səfərə yollanmaq futbolçular üçün çox çətin olacaq.
Oyunçularımız arasında müxtəlif yaş qrupları üzrə milli komandaların üzvləri də var. Onların yorğunluğunu və zədələnmə riskini nəzərə almalıyıq. İstəyirik ki, futbolçularımız cavab qarşılaşmasına daha yaxşı fiziki durumda çıxsınlar. Ümid edirəm ki, buna nail olacağıq
