“Xilasedici” komandasının rəhbəri, Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev Prosport.Az-a müsahibə verib.
– Çempionlar Liqasından əvvəl çempionatda “Neftçi” ilə üz-üzə gəldiniz...
– Təbii ki, hər oyunun öz yeri var. Bildiyiniz kimi, Çempionlar Liqasında ilk dəfə mübarizə aparacağıq. Rəqibimiz güclü “Sportinq” komandasıdır. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
Yerli çempionata gəlincə, rəqiblərimiz yaxşı komandalardır. “Neftçi” ilə son oyunda qalib gəlsək də, son setdən başqa, digər setlər çətin keçdi. Bu il “Ordu” komandası da güclüdür. İnanıram ki, yeni mövsümdə də maraqlı oyunlar izləyəcəyik.
Məqsədimiz Avropada uğurlu çıxış etməkdir. Portuqaliya klubu ilə noyabrın 3-də evdə, 8-də isə səfərdə qarşılaşacağıq. Bütün voleybolsevərləri komandamıza dəstək olmağa dəvət edirəm.
Bildiyiniz kimi, qadınlardan ibarət “Turan” (Tovuz) komandası da Çempionlar Liqasındakı ilk matçında Xorvatiya təmsilçisi “Mladost”a qalib gəldi. Bu da onu göstərir ki, Azərbaycanda bütün idman növləri kimi, voleybol da inkişaf edir.
– Heyətdə zədəli oyunçu varmı?
– Zədəli oyunçularımız var. Bu da normaldır, məşq prosesində belə hallar baş verir. Həmçinin köhnə zədələr də qalır. Oyunçularımız müalicə alıblar. Ağır zədə yoxdur.
– Rəqib köklü komandadır. Futbolda da populyardır. Rəqibi analiz etmisiniz. Şansınızı necə qiymətləndirirsiniz?
– Azərbaycanın kişi komandaları bir neçə ildir Avropa yarışlarında iştirak edirlər. Məqsədimiz “Sportinq”i keçməkdir. İstəyirik ki, bir neçə mərhələ adlayaq. Bu, bizim üçün yaxşı təcrübə olar.
İstəyirik ki, daxili çempionat inkişaf etsin. Artıq üçüncü ildir Azərbaycan çempionatında iştirak edirik. Hiss edirik ki, rəqabət artır. Hər bir komanda çempion olmaq və Avropa yarışlarında iştirak etmək istəyir.
– Gələcəkdə qadınlardan ibarət komanda yaratmaq və ya liqada yeni komandaların iştirakı ilə bağlı planlarınız varmı?
– Hələlik qadın komandası yaratmaq fikrimiz yoxdur. Hazırda gücümüzü kişilərdən ibarət komandaya yönəltmişik.
Liqamızda komanda sayının artması vacibdir. Gələcəkdə bir neçə komanda da liqaya qoşula bilər. Bildiyim qədərilə, Daxili İşlər Nazirliyinin komandası da çempionata qoşula bilər.
