Azərbaycan voleybolunun flaqmanı sayılan "Azərreyl" klubuna yeni sponsor gəlib.
Prosport.Az-ın xəbərinə görə, bunadək federasiyadan maliyyələşən klubu bundan sonra "Universal PRO" şirkəti maliyyələşdirəcək.
Həmin şirkətin əməkdaşı Zaur Əlioğlu isə klubun rəhbəri olacaq. Bu səbəbdən taekvondo üzrə dünya və Avropa mükafatçısı, İslam Həmrəylik Oyunlarının qalibi olmuş Ramin Əzizov 2024-cü ildən tutduğu prezident postunu tərk etməli olub. Həmçinin, klubun digər əməkdaşlarına da iyulun 1-dən işə çıxmamaları tapşırılıb.
Qeyd edək ki, "Universal PRO" şirkəti "Sumqayıt" futbol klubunun da sponsorlarından biridir. 1998-ci ildə yaradılmış şirkət əvvəl "Universal Makina" adı ilə fəaliyyət göstərib. Məşhur firmalardan "Bosch"un distribüteri olub. 2013-cü ildə rebrendinq olan şirkət adını "Universal PRO"ya dəyişib. Şirkət hazırda neft-qaz sənayesi, inşaat, gəmiçilik kimi aparıcı sahələrdə 150-dən çox aktiv korporativ müştəriyə layihələr təqdim etməklə məşğuldur.
Xatırladaq ki, "Azərreyl" ötən mövsüm həm kişi, həm qadın komandaların yarışında uğursuz nəticələrlə yadda qalıb və mükafat qazana bilməyib.
Səbuhi Musa

