Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Futbol
    Serbiyada İslamımız var: 1 illik səbir, çəkilən əziyyət və xoşbəxt nəticə 
    30.03.2025 12:08:01

    Serbiyada işgüzar səfərdəyəm. Səfərin məqsədi 17 yaşadək futbol millimizin (U-17) üzvü İslam Həsənovla bağlıdır. O, Serbiyanın "Srvena Zvezda" klubunun Akademiyasından millimizə dəvət alır.

    Serbiya özü Braziliyadan sonra dünyaya futbolçu ixrac edən 2-ci ölkə sayılır. Lakin əsl azərbaycanlı balası olan, Azərbaycanda doğulmuş bir futbolçu hazırda bizə uzaq Avropada futbol oynayır. Sual ola bilər: Akademiya üçün Serbiyaya – dünyaya futbolçu istehsal edən bir ölkəyə azərbaycanlı futbolçu niyə gərək olsun ki? Lakin istedad olduqdan sonra Serbiyadada əcnəbi oyunçuya gərək duyulur. Bunu artıq İslam orada oynamaqla sübut edir.

    17 yaşlı İslam artıq 1 ildən çoxdur ki, Serbiyanın paytaxtı Belqradda yaşayır. Anası ilə bərabər. Atası Elvin Həsənov isə futboldan olan çoxlarına tanışdır. "Qarabağ", "Sabah" kimi klubların aşağı yaş qruplarında kifayət qədər təcrübə toplamış A kateqoriyalı ata Həsənov hazırda II Liqada çıxış edən "Haypers Quba" komandasının baş məşqçi kimi sükanını idarə edir.

    İslamın bəxti valideyn baxımından çox gətirib. Ailənin tək övladı olan İslamın üzərində valideynləri əlindən gələnin ən yaxşısını etməyə çalışır. Təbii ki, burada İslamın futbol oynamaq eşqi ilk planda durur. Əgər belə olmasa, bu ailə Bakıdakı yaxşı şəraitini qoyub yad bir ölkəyə ayaq basmaz. Anası onunla qalır. Atası Azərbaycandakı işindən imkan düşdükcə, oğluna baş çəkir. Ümumiyyətlə, İslamın hazırda Serbiyada oynaması üçün heç bir əngəl yoxdur. Dil bilir, Belqradda yaşamağa evi var, oturum icazəsi alınıb və dediyim kimi, əsas məsələ olan valideynlərinin qayğısı daim üzərindədir.

    Əngəl demişkən, "Sabah"la ikiqat Azərbaycan çempionu olmuş, 2022/23 mövsümündə AFFA U-15 Liqasında 76 qolla bombardir olmuş İslam Serbiyada uzun müddət olsa da, yalnız bu ildən rəsmi oyunlara çıxmaq imkanı əldə edib. Buna səbəb yeniyetmə yaşı tamamlanmamış futbolçunun Serbiyada oynaya bilməsinə FIFA və UEFA-dan razılıq alınması üçün cavab məktubunun gözlənilməsi olub. Ali futbol qurumları ilə Serbiya Futbol Assosiasiyası vasitəsilə aparılan bürokratik yazışmalar təxminən 1 il çəkib. Nəhayət ötən ilin sentyabrın 25-də FIFA-nın Futbol Tribunalının Oyunçuların Statusu Palatası qərar verib ki, İslam Həsənova Beynəlxalq Transfer Sertifikatı verilsin. Yanvarın 22-də isə Serbiya Futbol Assosiasiyasının yekun məktubu ilə İslamın bu ölkədə legioner kimi oynaya bilməsi üçün bütün əngəllər aradan qalxıb.

    Əslində İslam bu 1 il ərzində boş oturmayıb. "Srvena Zvezda"nın öz yaş qrupu üzrə 4-cü (bəli, onlarda hər yaş qrupu üzrə bir neçə komanda var – S.M.) komandasından 1-ciyə kimi yüksəlib. Bu müddətdə o həm adaptasiya prosesini keçib, həm də onlayn şəkildə serb dilini öyrənib. Ki, 2-ci faktor 1-cidən heç də az rol oynamır. Komandada ondan başqa, yalnız Çindən olan 1 əcnəbi futbolçu oynadığından, ingilis dili komandada ünsiyyət dili deyil. Serb dilini bilmək bu baxımdan mütləqdir. Bir də ki neçə-neçə nümunə var ki, bizimkilər ölkə xaricində dil baryerinin əziyyətini çəkərək 6 aydan sonra suyu süzülə-süzülə üstümüzə geri dönüb. İslamı isə bu təhlükə gözləmir. Həm rus dilini bilir, həm də serb dilində fikrini normal izah edə biləcək səviyyədə danışa bilir. O dərəcədə ki, bəzi hallarda valideynləri ilə yerli əhali arasında dialoqlarda tərcüməçi funksiyasını da öz üzərinə götürür.

    Nəhayət, keçək onun çıxış etdiyi "Qrafiçar" klubuna. Əvvəla bildirim ki, futbolçunun Serbiyada oynamasında əsas vasitəçi onun meneceri, vaxtı ilə "Qarabağ" və "Bakı"da çıxış etmiş serb müdafiəçi Boyan İliçdir. İlk dəfə o, yanvarın sonlarında İslamın "Srvena Zvezda"dan "Qrafiçar"a icarəyə verildiyi barədə məlumatı öz sosial şəbəkə hesabında paylaşmışdı. Qorxulu heç nə yoxdur. "Qrafiçar"ın əsas komandası Serbiyanın I Liqasında çıxış etsə də, klub 2017-ci ildən "Srvena Zvezda"nın farm-klubu sayılır. Yəni, məqsəd "Srvena Zvezda"ya futbolçu verməkdir. Ölkəmizdə hazırda bunun nümunəsi kimi "Vətən" və "Masallı" adlı uşaq komandalarının "Sabah" üçün çalışmasını göstərmək olar. Yəni, "Qrafiçar"ın bazası da, məşq və oyun keçirdiyi yer də elə "Srvena Zvezda"nınkıdır.

    "Srvena Zvezda"dan "Qrafiçar"a keçiddə isə U-17 komandasının baş məşqçisi Milan Milenkoviçin bu komandaya keçməsi rol oynayıb. İliçin məsləhəti ilə İslam da baş məşqçisi ilə birgə "Qrafiçar"a keçid edib. Hücumçu arxası oynayan, İsko kimi çağırılan futbolçumuza 10 nömrəli forma həvalə olunub. Start heyətdə meydana çıxan futbolçumuz pleymeyker bacarığına malikdir.

    İslam artıq biz Serbiyaya gələnədək 3 rəsmi oyuna çıxmışdı. Fevralın 23-də "Vrşats"la (0:0) 76 dəqiqə, martın 1-də "Çukariçki" (1:1) ilə 64 dəqiqə, martın 8-də "Partizan"ın farm-klubu sayılan "Teleoptik"lə (2:1) 66 dəqiqə oynamışdı. Bu 3 oyun Belqradda baş tutmuşdu. Bu dəfə "Qrafiçar"ı paytaxtdan kənarda, Voyvodina Muxtar Vilayətinin mərkəzi, Serbiyanın 2-ci böyük şəhəri Novi Sadda oyun gözləyirdi. Rəqib adlı-sanlı "Voyvodina" idi.

    Biz də bu məqsədlə Belqraddan təxminən 80-90 km aralıda, maşın yolu ilə 1 saatlıq məsafədə yerləşən Novi Sada üz tutduq. "Srvena Zvezda" kimi Serbiya nəhənginin Akademiyasında oynamaqla tarixə düşən azərbaycanlımızın oyununu izləmək maraqlı idi.

    Oyuna keçməzdən öncə onu bildirim ki, 1914-cü ildə yaradılmaqla "Srvena Zvezda" və "Partizan"dan daha qədim tarixə malik olan Serbiyanın 3-cü komandası "Voyvodina"nın həm əsas komandasının, həm də Akademiyasının bazası adamı heyran edir. "Feyenord", Madrid "Real"ı, "Napoli", "Roma", "Sampdorya" kimi klubları çalışdırmış və 2014-cü ildə dünyasını dəyişmiş Vuyadin Boşkov Futbol Mərkəzi də adlanır bura. Yan-yana 6 meydança var: 4 təbii, 2 süni. Biz baxdığımız oyunlar süni ot örtüyündə keçirilirdi. Əsas komandanın ev oyunlarını keçirdiyi "Karacorce" stadionu isə şəhərin mərkəz hissəsində yerləşir...

    "Qrafiçar"ın həm U-19, həm də U-17 komandası eyni gündə "Voyvodina" ilə oynayacağından, klubun 2 komandası 2 mərtəbəli 1 avtobusla Novi Sada gəlmişdi. Əvvəlcə, U-19-ların oyununa 2-ci hissədən baxdıq. Valideynlər üçün tribunalar var. Ancaq tribunadan Azərbaycandakı kimi qışqıran valideynə rast gəlmirik. Elə hakimə etiraz da sıfır səviyyəsindədir. Biz də bu oyunun başa çatmasını gözləyib, 2-ci matça fokuslandıq. 1-ci oyunda "Voyvodina" baş qolu ilə 1:0 qalib gəldi.

    Nəhayət, İslamlı "Qrafiçar"ın U-17-si də meydana çıxdı. U-17 Liqasında "Voyvodina" bu oyunadək 36 xalla 5-ci, "Qrafiçar" 28 xalla 10-cu yerdə idi. Həmyerlimiz yenə startdadır. Ancaq bu dəfə onu hücumçu arxasında yox, çinli dayaq yarımmüdafiəçisi ilə paralel görürük. Baş məşqçi dəyişiklik edib (daha sonra İslam saytımıza müsahibəsində buna aydınlıq gətirib – S.M.). Hesabı meydan sahibləri açır. Lakin belqradlı qonaqlar hesabı bərabərləşdirir. İslam hücumun başlanmasında rol oynayır.

    Ümumiyyətlə, İslama standart zərbələr də təhkim olunur. Bu da oyunçumuza etimaddan irəli gəlir. Lakin hesab yenidən 2:1 rəqibin xeyrinə olanda, İslam sevimli mövqeyinə – hücumçu arxasına irəli çəkilir. Bununla belə, 61-ci dəqiqədə oyunçumuz əvəzlənir. Ümumiyyətlə, bu baş məşqçi ehtiyatdakı bütün oyunçuları meydana buraxmaqda maraqlı biridir. İslam hər oyun təxminən 60-70 dəqiqə meydanda olur. Sonda komanda güclü rəqibinə 1:4 hesabı ilə uduzur. Bununla belə, məyus olmaq üçün əsas yoxdur. Uduzmalısan ki, səhvlərinin nədə olduğunu biləsən. Baş məşqçi isə İslamı statistik göstəricisinə görə tərifləyir.  

    Yeri gəlmişkən, sonuncu matçı Boyan İliç də izləyirdi. Onun dəvəti ilə axşam "Voyvodina" ilə "Srvena Zvezda"nın əsas komandaları arasındakı matça da baxmağa getdik. Çempionluğu demək olar ki, təmin etmiş "Srvena Zvezda" aşağı yaş qruplarının həmin günkü yenilgilərinin heyfini "Karacorce" stadionunda "Voyvodina"dan çıxa bildi. Əsas heyət üzvlərindən bəzilərinə istirahət vermiş Vladan Miloyeviçin yetirmələri 0:2 uduzsa da, sonda 5:3 qalib gəldi. Aleksandar Katayın bütün 5 qolda iştirak etməsi (3 qol + 2 assist), "Göztəpə" və "Adana Dəmirspor"dan tanıdığımız Şerif Ndiayın qol vurması gecəni maraqlı edən məqamlardan biri idi.

    Həmin matç üçün stadiona gəlmiş azarkeşlərin futbol coşqusunu gördükdə bir daha əmin oldum ki, İslam Həsənov düzgün ölkədədir. Bura məhz futbolun bütün hisslərinin yaşandığı ölkədir. Valideynlər mütləq şəkildə övladlarının gələcəyi üçün hansısa risklərə getsin. İslamın valideynləri risk etdi, 1 il səbir etdi, əziyyət çəkdi, nəticədə də indi bu səbir və əziyyətin bəhrəsini görür.

    Artıq əminliklə demək olar ki, Serbiyanın göbəyində bir İslamımız var. Futbol bataqlığında olan Azərbaycana qayıtma. Ancaq irəli. Uğurlar sənə, İslam!

    Səbuhi Musa
    Belqrad – Novi Sad

    Futbol

    Mövsümün əvvəlində gülən, sonunda kədərlənən klub – YAZI

    3.06.2025 14:09:20
    P.S.

    "Qarabağ"ın sonuncu məşqi "Neftçi" üçün ağır oldu – YAZI

    21.04.2025 09:08:13
    Futbol

    Serbiyada İslamımız var: 1 illik səbir, çəkilən əziyyət və xoşbəxt nəticə 

    30.03.2025 12:08:01
    P.S.

    AFFA-ya bel bağlayıb, ümidləri puç olan ağsaqqal – YAZI

    4.03.2025 18:26:10
    P.S.

    Nurullayevanın məsuliyyətsizliyi: Dopinqə düşmüş idmançı posterdə – YAZI

    23.02.2025 10:50:39
    P.S.

    "Neftçi"nin yeni sponsor önündə ilk səhvi və "partladılan" Dərviş – YAZI

    8.02.2025 22:39:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Zirə" "Xayduk"la oyunlar üçün 21 futbolçu sifariş etdi – FOTO

    19.07.2025 11:49:40

    Millimiz dünya reytinqində 11 pillə irəlilədi

    19.07.2025 11:08:43

    Sərbəst güləşçilərimiz reytinq turnirini 7 medalla tamamladı

    19.07.2025 10:49:46

    "Sabah"ın "Petrokup"la hər iki matçının hakimləri açıqlandı

    19.07.2025 10:15:26

    Azərbaycanın Universiadada ilk medalı qızıl oldu

    18.07.2025 22:08:06

    "Xayduk" "Zirə" ilə oyundan öncə problemlə üzləşdi

    18.07.2025 18:39:17

    Ramiz Məmmədovla yollar ayrıldı

    18.07.2025 17:54:30

    Azərbaycan idmançıları EYOF-a yollandılar

    18.07.2025 17:21:58

    "Qarabağ"da gözlənilən ayrılıq rəsmiləşdi

    18.07.2025 16:40:16

    "Turan Tovuz" Bakıda, "Kəpəz" Qəbələdə, "Karvan" Şamaxıda oynayacaq

    18.07.2025 16:20:08

    Misli Premyer Liqasında yeni mövsümün püşkü atıldı

    18.07.2025 15:42:27

    Azərbaycanı Avropa Gənclər Paralimpiya Oyunlarında onlar təmsil edəcək – ADLAR

    18.07.2025 15:17:16

    Azərbaycan UEFA reytinqində ilk xallarını qazandı

    18.07.2025 14:50:46

    "Çempionatımızın səviyyəsinin qalxması lazımdır" – "Qarabağ"ın 61 qolla bombardiri

    18.07.2025 14:41:50

    "Araz-Naxçıvan" UEFA-ya 21 futbolçunun adını göndərdi

    18.07.2025 14:14:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved