2023-cü il başa çatır. Bu gün Azərbaycanın ən yaxşı 3 idmançısı seçiləcək. Lakin təəssüf hissi ilə bildirməliyik ki, bu il ölkənin ən yaxşı idmançısını seçmək müşkül məsələdir.
Buna səbəb bu il keçirilən yarışlarda nəticələrin zəif olmasıdır. Əvvəlcə, bu il keçirilmiş böyük yarışlardakı nəticələrə nəzər salaq. Prosport.Az bu il keçirilmiş mötəbər yarışlardakı nəticələri diqqətə çatdırır:
15-31 mart. Qadın boksu üzrə dünya çempionatı (Nyu Dehli, Hindistan) – 1 bürünc
1-14 may. Kişi boksu üzrə dünya çempionatı (Daşkənd, Özbəkistan) – 1 gümüş, 1 bürünc
7-14 may. Cüdo üzrə dünya çempionatı (Doha, Qətər) – 1 bürünc
29 may – 4 iyun. Taekvondo üzrə dünya çempionatı (BAKI, AZƏRBAYCAN) – 0 medal!
21 iyun – 2 iyul. III Avropa Oyunları (Krakuv və Mavopolska, Polşa) – 3 qızıl, 2 gümüş, 6 bürünc
22-25 iyul. Qılıncoynatma üzrə dünya çempionatı (Milan, İtaliya) – 0 medal!
31 iyul – 6 avqust. Kamandan oxatma üzrə dünya çempionatı (Berlin, Almaniya) – 0 medal!
16 avqust – 1 sentyabr. Atıcılıq üzrə dünya çempionatı (BAKI, AZƏRBAYCAN) – 1 qızıl, 2 gümüş
19-27 avqust. Atletika üzrə dünya çempionatı (Budapeşt, Macarıstan) – 0 medal!
21-27 avqust. Badminton üzrə dünya çempionatı (Kopenhagen, Danimarka) – 0 medal!
23-27 avqust. Bədii gimnastika üzrə dünya çempionatı (Valensiya, İspaniya) – 0 medal!
23-27 avqust. Kanoe üzrə dünya çempionatı (Duysburq, Almaniya) – idmançımız səhhətinə görə yarışa çıxmayıb
3-10 sentyabr. Avarçəkmə üzrə dünya çempionatı (Belqrad, Serbiya) – 0 medal!
4-17 sentyabr. Ağırlıqqaldırma üzrə dünya çempionatı (Ər-Riyad, Səudiyyə Ərəbistanı) – 1 bürünc
16-24 sentyabr. Güləş üzrə dünya çempionatı (Belqrad, Serbiya) – 2 qızıl, 5 gümüş
30 sentyabr – 8 oktyabr. İdman gimnastikası üzrə dünya çempionatı (Antverpen, Belçika) – 0 medal!
24-29 oktyabr. Karate üzrə dünya çempionatı (Budapeşt, Macarıstan) – 1 qızıl
9-12 noyabr. Batutda tullanma üzrə dünya çempionatı (Birminqem, Böyük Britaniya) – 2 qızıl
10-12 noyabr. Sambo üzrə dünya çempionatı (İrəvan, Ermənistan) – təhlükəsizlik səbəbindən iştirak etməyiblər
17-26 noyabr. Kikboksinq üzrə dünya çempionatı (Albufeyra, Portuqaliya) – 4 qızıl, 1 gümüş, 6 bürünc
Göründüyü kimi, Azərbaycan bu il 2024-cü ildə keçiriləcək Paris Olimpiya Oyunlarının proqramına daxil edilmiş idman növlərindən yalnız güləş və atıcılıqda dünya çempionu verə bilib. Lakin yunan-Roma güləşçiləri – Eldəniz Əzizli və Rafiq Hüseynovun müvafiq olaraq 55 və 82 kq çəki dərəcələrində qazandığı qızıl medallar qeyri-olimpiya çəkilərində olub. Eləcə də Bakıda keçirilmiş atıcılıq üzrə dünya çempionatında qızıl medal qazanmış Nigar Nəsirovanın çıxış etdiyi 25 metr məsafədən mərkəzə tapançadan atəş Olimpiadada təmsil olunmur. Olimpiadaya lisenziya verən batutda tullanma üzrə dünya çempionatında isə Mixail Malkinin, eləcə də Malkin, Adil Hacızadə, Tofiq Əliyev və Elnur Məmmədovdan ibarət Azərbaycan komandasının qazandığı qızıl medallar tamblinq növündə olduğundan, Paris-2024-ə vəsiqə qazanmamışıq.
Bu il multimedia yarışları çox keçirilsə də, onlardan ən mötəbəri Polşada keçirilmiş Avropa Oyunlarıdır (MDB Oyunları və Rusiyanın Yekaterinburq şəhərində keçirilmiş Beynəlxalq Universitet İdman Festivalı ciddi yarışlar sayıla bilməz. Nazirlik ora idmançılarımızı ezam etsə də, bu yarışlar Rusiyanın təbliğinə və idmanda var olmasına hesablanmış yarışlar olub – red.). Lakin burada da qazanılan qızıl medalların 3-ü – karate (İrina Zaretskaya, Tural Ağalarzadə) və kikboksinqin (Fərid Ağamoğlanov) payına düşür. Həmçinin, İrina Zaretskayanın karatedə 3-cü dünya çempionluğu, Surət Qarayev, Sübhan Mamedov, Elvin Məmmədov və Amin Quliyevin kikboksinq üzrə dünya çempionatındakı qızıl medalları onların çıxış etdikləri idman növlərinin Paris-2024-ə salınmamasına görə böyük miqyaslı uğur kimi qələmə verilə bilməz.
Qeyd: karatenin bu siyahıda olması Tokio Olimpiadasının proqramında yer almasına görədir. Sambo və kikboksinqin siyahıda olması isə 2028-ci ildə ABŞ-nin Los Anceles şəhərində keçiriləcək Olimpiada proqramına daxil olmaq ehtimalına görədir.
Qeyd-2: Azərbaycan indiyədək 9 lisenziyanı rəsmiləşdirib. Atletikada çəkicatan Anna Skidan dünya çempionatında 74 metrlik məsafə limitini aşdığına görə, boksda Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) III Avropa Oyunlarında müvafiq olaraq yarımfinala və finala çıxmaqla, bədii gimnastikada Azərbaycan dünya çempionatında ilk "15-liy"ə düşməklə, güllə atıcısı Ruslan Lunyov Estoniyanın paytaxtı Tallində keçirilmiş Avropa çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada gümüş medal qazanmaqla, taekvondoda Həşim Məhəmmədov (58 kq) "Böyük Dəbilqə" Seriyası reytinqi vasitəsilə, sərbəst güləşdə Məhəmmədxan Məhəmmədov (97 kq) və yunan-Roma güləşində Həsrət Cəfərovla (67 kq) Sənan Süleymanov (77 kq) dünya çempionatında ilk 5 idmançı arasına düşməklə Olimpiadaya lisenziya qazanıb.