8 erməni idmançı Bakıda keçirilən dünya çempionatında mübarizə aparır.
Prosport.Az-ın xəbərinə görə, söhbət Bakıda 23 noyabrda başlamış və bu ayın 29-da başa çatacaq qrapplinq, həvəskar MMA və pankration üzrə dünya çempionatından gedir.
"Sərhədçi" İdman Mərkəzində keçirilən dünya çempionatında Ermənistan təmsil olunmasa da, Rusiya və Polşanı təmsil edən 8 erməni idmançı yarışda iştirak edir.
Belə ki, Rusiyanı qrapplinqdə Marat Səfəryan (50 kq, U-17), Aşot Markaryan (53 kq, U-15), Konstantin Aqasyan (59 kq, U-15), həvəskar MMA-də Zöhrab Ovanisyan (71 kq, böyüklər), pankrationda Armen Ovanisyan (93 kq, U-17), Aşot Markaryan (53 kq, U-15) və Narek Soqomonyan (66 kq, U-15) təmsil edəcək. Polşanın həvəskar MMA komandasında böyüklər kateqoriyası üzrə 66 kq çəki dərəcəsində isə Arsen Naslyan mübarizə aparacaq.
23-25 noyabr tarixlərində artıq qrapplinq (U-15, U-17, U-20 və böyüklər) üzrə yarışlar baş tutub. Bu gün saat 10:00-dan etibarən isə kişi və qadınlar arasında həvəskar MMA (U-20 və böyüklər) və pankration (U-15 və U-17) üzrə mübarizələrə start verilib.
Qeyd edək ki, bu ilin əvvəlində Dünya Güləş Birliyi (UWW) Ermənistanın paytaxtı İrəvanda qrapplinq və həvəskar MMA üzrə Avropa çempionatı keçirib. Ancaq Azərbaycandan heç kim həmin yarışda iştirak etməyib.
Xatırladaq ki, bu ilin əvvəlinədək Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti işləmiş Namiq Əliyev UWW-də Qrapplinq və Pankration Komitəsinin prezidentidir.
