"Gəncə" basketbol klubunun baş məşqçisi Murat Dikmən "LANDAU Lions"a 62:85 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
Prosport.Ax xəbər verir ki, türkiyəli mütəxəssis komandasının hazırda layiq olduğu yerdə olmadığını və lider oyunçunun yoxluğundan əziyyət çəkdiklərini bildirib:
"İlk növbədə, "LANDAU Layns" komandasını təbrik edirəm. Yaxşı mübarizə apardılar və qələbə qazandılar. Reallıq budur ki, təəssüf ki, "Gəncə" hazırda layiq olduğu yerdə deyil, daha yaxşı mövqedə olmalıdır. İlk iki periodda çox zəif mübarizə apardıq. Bunun əsas səbəblərindən biri hücum təşkilatçılığını lazımi səviyyədə həyata keçirə bilməməyimiz idi. Üçüncü və dördüncü periodlarda müəyyən reaksiya göstərə bildik, amma hesab fərqi böyük olduğundan onu aradan qaldırmaq mümkün olmadı. Çox asan atışları, səbətaltı fürsətləri boşa verdik, adi ötürmə səhvlərinə yol verdik. Bunun səbəbi meydançada oyunu idarə edən, komandanı yönləndirən lider oyunçumuzun olmamasıdır. Ardıcıl məğlubiyyətlər komandanın özünəinamını bir qədər aşağı salıb. Bunu düzəltmək üçün bir-iki xüsusi qələbəyə ehtiyacımız var".
M.Dikmən qarşıdakı "Kolossos"la oyuna və transfer planlarına da toxunub:
"Mən sistem məşqçisiyəm. Hazırda öz sistemimi burada qurmağa çalışıram, amma bəzi mövqelərdəki oyunçuların fərqli xüsusiyyətlərə malik olması problemlər yaradır. Lider oyunçumuz Carvis Qarrett zədə səbəbindən komandadan kənarda qalıb. Donaldın da mövcud vəziyyətini nəzərə alaraq yeni oyun qurucusu transfer etmişik. Digər tərəfdən, hazırda yüksək səviyyəli bir uzun oyunçu axtarışındayıq. Bir lider və bir uzun oyunçunun komandaya qoşulması ilə yenidən istədiyimiz basketbolu nümayiş etdirə biləcəyik. İndi isə diqqətimizi "Kolossos"la görüşə yönəldəcəyik".
