Serbiyanın "Çrvena Zvezda" klubunun rezerv komandası sayılan "Qrafiçar"ın futbolçusu İslam Həsənovun atası Elvin Həsənov narazıdır.
O, Prosport.Az-a açıqlamasında oğlunun 19 yaşadək millimizə (U-19) çağırılmamasından narazı qalıb.
"Qarabağ" və "Sabah" Akademiyalarında, eləcə də II Liqada "Quba" (indiki "Haypers") və "Şəki" komandalarında baş məşqçi işləmiş Elvin Həsənov U-19 millimizin baş məşqçisi Elgiz Kərəmlinin seçimlərində oğluna yer verilməməsindən danışıb:
"İslam sonuncu dəfə martda Litvanın Kaunas şəhərində Avropa çempionatının seçmə mərhələsinin ilk raundunda milliyə çağırılmışdı. Ancaq budəfəki heyətə dəvət olunmayıb. Gülməli məqam budur ki, seçmə mərhələnin oyunları Serbiyanın paytaxtı Belqradda keçiriləcək, İslam isə bu şəhərin komandasında oynadığı halda, yığmaya çağırılmayıb".
Onun sözlərinə görə, 18 yaşlı futbolçunun kənarda qalmasının səbəbi millinin təlim-məşq toplanışlarına klub tərəfindən buraxılmamasıdır: "Bildiyiniz kimi, "Qrafiçar" "Çrvena Zvezda"ya tabe klubdur. Buranın qaydalarına əsasən, milli komanda üzvləri yalnız seçmə mərhələ ilə bağlı hazırlıq üçün yığma düşərgələrinə göndərilir. Seçmə mərhələyə aidiyyatı olmayan adi toplanışlara onun getməsinə klub tərəfindən icazə verilməyib. Bunu əsas götürərək millidən ona bu dəfə dəvət gəlməyib. Ümumiyyətlə, millinin məşqçilər korpusu bir dəfə də olsun ki, İslamın oyununu izləmək üçün Serbiyaya getməyib. Belə şey olmaz axı! Mahir Emreli, Toral Bayramovlar üçün əsas komandanın baş məşqçisi xaricə ezam olunur, amma U-19-larda bunu görmürük. Azərbaycanla əlaqəsi olmayan Mustafa Kamara yığmaya çağırılır, ancaq Serbiyada legioner həyatı yaşayan İslam öz doğma millisindən kənarda qalır".
Qeyd edək ki, U-19 millimiz Avropa çempionatının II seçmə mərhələsini Serbiyanın paytaxtı Belqrad və Pançevo şəhərində keçirəcək. Komandamız noyabrın 11-də Monteneqro, noyabrın 14-də Serbiya və noyabrın 17-də Farer adaları ilə qarşılaşacaq. Bu günədək Bakıda hazırlıq keçəcək millimizə 21 futbolçu çağırılıb.
