Qazaxıstanın paytaxtı Astanada Dünya Güləş Birliyinin (UWW) növbəti Hesabat-Seçki Konqresi keçirilib.
Prosport.Az xəbər verir ki, beynəlxalq güləş ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi konqresdə Azərbaycan Güləş Federasiyasını (AGF) vitse-prezident Fərid Mansurov və baş katib Pərvin Piriyev təmsil ediblər.
Konqres çərçivəsində UWW-nin hesabat dövrü ərzində fəaliyyəti, beynəlxalq güləşin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qarşıdakı dövr üçün strateji prioritetlər nəzərdən keçirilib.
İclasda güləşin qlobal miqyasda inkişafı, milli federasiyalar arasında əməkdaşlığın genişləndirilməsi, idman növünün beynəlxalq nüfuzunun gücləndirilməsi və Olimpiya hərəkatındakı mövqeyinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
Həmçinin qarşıdakı Olimpiya Oyunlarına hazırlıq prosesi, güləş yarışlarının təşkili, idmançıların iştirak və təsnifat meyarları, eləcə də Olimpiya dövrü üzrə əsas fəaliyyət istiqamətləri diqqət mərkəzində olub.
Konqresin əsas gündəlik məsələlərindən biri UWW-nin rəhbər və idarəetmə orqanlarına seçkilərin keçirilməsi olub.
Səsvermənin nəticələrinə əsasən, Nenad Laloviç 3-cü dəfə Dünya Güləş Birliyinin prezidenti seçilib.
Bununla yanaşı, UWW Bürosuna keçirilən seçkilərin nəticələrinə əsasən, aşağıdakı 6 namizəd Büro üzvü seçilib:
- Ye Zhang – Çin
- Yerkin Okasov – Qazaxıstan
- Vladimir Bregoviç – Xorvatiya
- Francisco Lee Lopez – Qvatemala
- Fouad Meskout – Mərakeş
- Don Ryan – Kanada
Azərbaycan Güləş Federasiyası UWW-nin yenidən seçilmiş prezidenti Nenad Laloviçi və Büro üzvlərini təbrik edib, onlara beynəlxalq güləşin davamlı inkişafı, Olimpiya dəyərlərinin təşviqi və milli federasiyalar arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətlərində uğurlar arzulayıb.
