“Qarabağ”ın cinah hücumçusu Aleksey Kaşşukun çıxışı ölkəsi Ukraynada diqqətlə izlənilir.
Prosport.Az yerli mətbuata istinadən xəbər verir ki, Ukrayna yığmasının məşqçi korpusu 26 yaşlı sağ vingerin performansından məmnundur.
“Şaxtyor”un yetirməsi Azərbaycan Premyer Liqasının VIII turunda “Neftçi” ilə heç-heçə yekunlaşan (3:3) matçda komandasının ilk qolunun müəllifi olub. Kaşşuk bu mövsüm çempionatda 7 oyunun hamısında meydana çıxıb və 4 qola imza atıb.
Xüsusən də, son turlarda ağdamlıların aparıcı oyunçusuna çevrilməsi Ukrayna millisinin baş məşqçisi Andrea Malderanı sevindirir. “Qarabağ”ın oyunçusu artıq italiyalı mütəxəssis üçün alternativlərdən biri hesab edilir.
Qeyd edək ki, Aleksey Kaşşuk Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış edib. Onun ötən toplanışa çağırılması da müzakirə edilirdi, lakin son anda fərqli qərar çıxarıldı.
