"Əslində, Azərbaycanda özümü çox xoşbəxt hiss edirəm. Burada Bundesliqanın bəzi futbolçularından daha çox qazanıram. Belə olan halda niyə Bundesliqaya getməliyəm?"
Prosport.Az xəbər verir ki, bunu “Sabah” klubunun hücumçusu Coy-Lens Mikels Almaniya mətbuatına müsahibəsində deyib.
32 yaşlı futbolçu Almaniyada yetişsə də, karyerasının ən uğurlu dövrlərindən birini Azərbaycanda yaşayır. Ziqburqda anadan olan Mikels “VSF Amern”, Mönxenqladbax “Borussiya”sı və “Şalke”nin futbol məktəblərində yetişib. O, karyerası ərzində Almaniyanın aşağı liqalarında və Səudiyyə Ərəbistanında da çıxış edib. Hazırda isə Ruanda millisinin üzvüdür.
Forvard Almaniya futboluna qayıtmaq ehtimalını istisna etməsə də, onun üçün xüsusi yeri olan Münxenqladbax “Borussiya”sında oynamaq arzusundadır.
“Münxenqladbax klubuna keçərdim. Hətta daha az maaş alsam belə. Çünki ora mənim doğma komandamdır”, – deyə futbolçu bildirib.
Mikelsin karyera yolu heç də asan olmayıb. Almaniyanın aşağı liqalarında çıxış etdiyi dövrdə o, hətta futbolu kənara qoyaraq yanğınsöndürən işləməyi də düşünüb. Bununla belə, xaricdə karyerasını davam etdirmək qərarı onun üçün yeni imkanlar yaradıb.
“İnsanları xoşbəxt etmək və onlara kömək göstərmək istəyirəm. Düşünürdüm ki, bu, mənim üçün uyğun peşə ola bilər”, – deyə futbolçu həmin dövrü xatırlayıb.
Coy-Lens Mikelsin qardaşları da peşəkar futbolçulardır. Coy-Sleyd Maltada, Leroy isə Almaniyanın III liqasında çıxış edən “Valdhof” (Mannhaym) klubunda oynayır.
Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Bakıda Almaniyanın “Borussiya Dortmund” klubu ilə qarşılaşacaq.Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək. Matçın baş hakimi ispaniyalı Xavyer Alberola Roxas olacaq.
