Şpaqa üzrə Azərbaycan millisinin üzvü Vahab Fətullayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Kadet-Junior Párbajtőr Magyar Kupa 3" turnirində uğurlu çıxış edib.
Prosport.Az xəbər verir ki, o, gənc oğlanların qılıncoynatmanın şpaqa növü üzrə şəxsi yarışında 149 idmançı arasında 3-cü olub.
Turnirdə Azərbaycanla yanaşı Macarıstan, Avstriya, Çin, İrlandiya, Rumıniya, Serbiya və Slovakiyadan olan idmançılar iştirak ediblər.
Vahab Fətullayev qrup mərhələsində keçirdiyi 6 görüşün hamısında qələbə qazanıb.
Azərbaycanlı şpaqaçı pley-off mərhələsində ardıcıl olaraq Çin və Macarıstan təmsilçiləri üzərində qələbələr qazanaraq yarımfinala yüksəlib.
1/4 finalda Kubinger Akosu 15:10 hesabı ilə məğlub edən idmançı yarımfinalda Edmond Ventzel ilə qarşılaşıb və 13:15 hesabı ilə uduzub.
Nəticədə Vahab Fətullayev turnirin bürünc medalına sahib olub.
