“Onların futbolçuları həqiqətən yaxşı səviyyədədir, texnikidirlər. Amma komanda olaraq çox boşluqları var. O boşluqları yaxalaya biləcəyimiz məqamlarda daha ağıllı və sakit oynamalıyıq”.
Sportify.az xəbər verir ki, bunu Litva millisinin hücumçusu Armandas Kuçis Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının oyunundan sonra deyib.
23 yaşlı hücumçu nəticədən razı qalmadığını və oyunun xarakterinin də istədikləri kimi olmadığını bildirib: “Şəxsən mənim üçün bu nəticə qənaətbəxş deyil. Oyunda çox mübarizə oldu, futbol isə baxımlı alınmadı”.
Sloveniya “Tsele”sinin forvardı Litvanın topa daha çox nəzarət etməli olduğunu vurğulayıb: “Topa nəzarət etmək, daha rahat və sakit oynamaq istəyərdik. Son zonalarda, soyuqqanlılıq və ustalıq tələb olunan məqamlarda bu gün bir qədər çatışmazlıq hiss olundu. Bizim üçün “bir nömrə” kimi oynamaq bir qədər çətindir. Amma belə oyunlarımız nə qədər çox olsa, gələcəkdə bizim üçün bir o qədər asan olacaq”.
Kuçis Azərbaycanla oyunda penalti ilə fərqlənərək uzun müddətdir davam edən qol həsrətinə son qoyub. O, qolun üzərindəki təzyiqi azaltdığını deyib: “Bir qədər təzyiq var idi. Fakt budur ki, hücumçu qollar vurmalıdır, vurmayanda hansısa təzyiq yaranır. İndi düşünürəm ki, mənim üçün mütləq daha asan olacaq”.
Penalti zərbəsi barədə isə hücumçu belə danışıb: “Topa zərbə vuranda düşündüm ki, top qapının üstündən gedəcək, amma baxdım ki, birbaşa doqquzluğa düşdü”.
