“Barselona”nın aparıcı futbolçusu Lamin Yamalın UEFA Çempionlar Liqasının liqa mərhələsində “Sabah”la Bakıda keçiriləcək oyuna gəlməməsinin səbəbi müəyyənləşib.
Prosport.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, gənc vingerin zədələndiyi açıqlansa da, baş məşqçi Hansi Flik ona istirahət verib.
La Liqanın 13-cü turunda “Vilyarreal”la matçı (3:2) əvəz edilmədən keçirən Yamalın ciddi zədəsi yoxdur. Yəni “Sabah” önünə çıxa biləcək durumdadır. Sadəcə, uzaq səfər və sıx qrafiki nəzərə alan çalışdırıcı onda əzələ gərginliyinin yaranmasından ehtiyatlanıb. Yamal İspaniya çempionatı çərçivəsində noyabrın 29-da “Deportivo” ilə səfər qarşılaşmasında meydandakı yerini alacaq.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” oyunu saat 21:45-də start götürəcək.
