«Qarabağ» qış transfer bazarında hərəkətliyi artırıb.
Prosport.Az xəbər verir ki, Sportinfo.az-a klubdan məlumat daxil olub.
Bildirilib ki, komandanın Premyer Liqanın ilk dövrəsində qeyri-sabit çıxışı rəhbərliyi narahat edir.
Bununla bağlı Qurban Qurbanova heç bir söz deyilməyib, çünki hər iki tərəfin fikirləri üst-üstə düşür. Həm yönətim, həm də baş məşqçi heyəti gücləndirmək məsələsində həmrəydir.
O üzdən, yeni oyunçuların alınmasına ekstra büdcə ayrılıb. Həmin məbləğ 2,5 milyon dollar civarındadır.
Qurbanov dünən Gəncədə transfer çalışmaları haqda sualı cavablandırıb. Təcrübəli mütəxəssis bu istiqamətdə işlərin davam etdirildiyini bildirib:
«İlk növbədə əlimizdəki futbolçuları daha yaxşı vəziyyətə gətirməliyik. Digər tərəfdən, axtarışlarımız ilboyu davam edir.
Transfer etdiyimiz 1-2 futbolçunun dərhal uğurlu olması böyük üstünlükdür. Bəzilərinə isə uyğunlaşmaq üçün daha çox vaxt lazım gəlir.
Hər halda heyətimizi genişləndirmək istəyirik və danışıqlar gedir. Amma bu, uğursuzluğun və məsuliyyətin transferlərin üzərinə atılması demək deyil.
Bu futbolçuları da inanaraq komandaya gətirmişik və onlara güvənirik. Hazırkı heyətlə daha keyfiyyətli oyunlar göstərməyə qadirik».
